Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisi ikinci günündə də abituriyentlərin və valideynlərin böyük marağı ilə davam edir. Sərgidə iştirak edən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) stendi ziyarətçilərin ən çox üz tutduğu məkanlardan biri olub.
Gün ərzində universitet nümayəndələri abituriyentlərə ATMU-da tədris olunan ixtisaslar, qəbul qaydaları, beynəlxalq əməkdaşlıq imkanları, təqaüd proqramları, təcrübə və karyera perspektivləri, eləcə də tələbə həyatı barədə ətraflı məlumat veriblər.
ATMU-nun stendinə yaxınlaşan ziyarətçilər onları maraqlandıran suallara birbaşa universitet əməkdaşlarından cavab almaq imkanı əldə edib, universitetin təqdim etdiyi təhsil imkanları ilə yaxından tanış olublar. Xüsusilə turizm, hotelçilik, biznesin idarə edilməsi və digər ixtisaslara maraq göstərən abituriyentlər universitetin təhsil mühiti və gələcək karyera imkanları barədə geniş məlumatlandırılıblar.
Qeyd edək ki, Ali Təhsil Müəssisələrinin sərgisi 31 iyul tarixinədək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, 50) davam edəcək. ATMU nümayəndələri sərginin son günündə də abituriyentləri universitetin stendini ziyarət etməyə dəvət edirlər.
Azərbaycanca