ATMU əməkdaşları Londonda beynəlxalq təlimdə iştirak ediblər
12.08.2026
Tərcümə
Bölmə: Xəbərlər
Baxış sayı: 66
ATMU əməkdaşları Londonda beynəlxalq təlimdə iştirak ediblər

Azərbaycan Turizm və Menecment Universitetinin Dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizə Məmmədova və Turizm və qonaqpərvərlik fakültəsinin akademik məsləhətçisi və Dillər kafedrasının müəllimi Nərmin Məmmədova Böyük Britaniyanın UCL universitetində təşkil olunan beynəlxalq təlim proqramında iştirak ediblər.

“Dil tədrisində qabaqcıl metodologiya” (Advanced Methodology in Language Teaching) adlı təlim proqramı müasir dil tədrisinin nəzəri və praktik aspektlərinin öyrənilməsinə, innovativ pedaqoji yanaşmaların tətbiqi imkanlarının araşdırılmasına və iştirakçıların peşəkar kompetensiyalarının inkişaf etdirilməsinə yönəlib.

20 saatlıq proqram çərçivəsində ATMU əməkdaşları dil tədrisində müasir və qabaqcıl metodologiyalar, süni intellekt texnologiyalarından səmərəli istifadə, şifahi nitq bacarıqlarının fəallaşdırılması, dinləmə və yazı bacarıqlarının inkişaf etdirilməsi, tələbə mərkəzli tədris yanaşmasının tətbiqi və digər aktual pedaqoji məsələlər üzrə nəzəri və praktiki biliklər əldə ediblər.

Təlimin hər bir günü dil tədrisinin ayrı-ayrı istiqamətlərinə həsr olunmuş interaktiv sessiyalar və praktiki fəaliyyətlərlə müşayiət olunub. İştirakçılar müasir tədris metodlarının real təhsil mühitində tətbiqi ilə bağlı nümunələri təhlil edib, müxtəlif metod və strategiyaların səmərəliliyini müzakirə edib və əldə etdikləri bilikləri praktik tapşırıqlar vasitəsilə möhkəmləndiriblər.

Təlim proqramının uğurla başa çatdırılması ATMU əməkdaşlarının müasir dil tədrisi üzrə peşəkar inkişafının mühüm göstəricisi olmaqla yanaşı, universitetin beynəlxalq akademik əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin davamlılığını nümayiş etdirir. Proqramın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

Səfər proqramı çərçivəsində ATMU nümayəndələri Londonla yanaşı, Oksford və Edinburq şəhərlərində də olublar. Səfər zamanı iştirakçılar Böyük Britaniyanın zəngin tarixi-mədəni irsi, təhsil mühiti və akademik ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

ATMU əməkdaşlarının beynəlxalq təlim proqramlarında iştirakı universitetin əməkdaşlarının peşəkar və akademik inkişafının dəstəklənməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və əldə olunan biliklərin tədris prosesinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.