ATMU tələbələri Özbəkistanda keçirilən Beynəlxalq Yay Məktəbində iştirak ediblər
24.08.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 66
ATMU tələbələri Özbəkistanda keçirilən Beynəlxalq Yay Məktəbində iştirak ediblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Sosial iş ixtisasının tələbələri Telman Aslanlı (Sİ2301) və Atilla Nağıyev (Sİ2401) Özbəkistanın Səmərqənd şəhərində keçirilən Beynəlxalq Yay Məktəbi proqramında iştirak ediblər.

Özbəkistanın Silk Road International University of Tourism and Cultural Heritage universitetinin dəvəti ilə təşkil olunan Beynəlxalq Yay Məktəbi 15–22 avqust 2026-cı il tarixlərində keçirilib. Proqram çərçivəsində müxtəlif ölkələrdən olan tələbələr bir araya gələrək akademik, mədəni və sosial fəaliyyətlərdə iştirak ediblər.

Yay Məktəbinin ilk günündə iştirakçılar rəsmi açılış mərasimində iştirak edib və universitet rəhbərliyinin salamlama çıxışını dinləyiblər. Proqram çərçivəsində iştirakçılar bir-biri ilə tanış olub, turizm üzrə dərslərə qatılıblar.

Proqramın akademik hissəsi çərçivəsində tələbələr Özbəkistanın milli mətbəxi, turizm və mədəni irsi ilə bağlı mühazirə və praktiki məşğələlərdə iştirak ediblər. Onlar, həmçinin Səmərqənd plovunun hazırlanmasına həsr olunmuş kulinariya master-klassında iştirak edərək yerli mətbəxin xüsusiyyətləri ilə yaxından tanış olublar.

Yay Məktəbinin mədəni proqramı çərçivəsində ATMU tələbələri Səmərqəndin tarixi və turizm məkanlarını ziyarət ediblər. Onlar Registan meydanı, Əmir Teymur məqbərəsi (Gur-Əmir), Şah-i-Zinda kompleksi, Bibixanım məscidi, Uluqbəy rəsədxanası, Xoca Daniyar məqbərəsi və Əfrasiyab Muzeyi ilə tanış olublar. Həmçinin Siyab bazarına səfər edərək şəhərin gündəlik həyatı və yerli mədəniyyət haqqında təəssüratlarını zənginləşdiriblər.

İştirakçılar “Xucum” xalça fabrikinə və “Meros” kağız emalı müəssisəsinə də səfər edib, ənənəvi sənətkarlıq nümunələri ilə tanış olublar.

Proqram çərçivəsində ATMU tələbələri İmam əl-Buxari Memorial Kompleksi və İnstitutunu da ziyarət ediblər. Səfər zamanı İmam əl-Buxarinin həyatı və elmi irsi, eləcə də İslam sivilizasiyasındakı rolu haqqında məlumat alıblar.

Beynəlxalq Yay Məktəbinin yekun günündə iştirakçılar proqram çərçivəsində qazandıqları təcrübələri bölüşüb, tələbə təqdimatlarında iştirak edib və yekun müzakirələrə qoşulublar. Bağlanış mərasimində iştirakçılara Yay Məktəbində iştiraklarını təsdiq edən sertifikatlar təqdim olunub.

ATMU tələbələrinin beynəlxalq yay məktəbində iştirakı onlara müxtəlif ölkələrdən olan gənclərlə ünsiyyət qurmaq, yeni akademik və mədəni təcrübə qazanmaq, beynəlxalq əlaqələrini genişləndirmək və Özbəkistanın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmaq imkanı verib.

ATMU tələbələrinin Özbəkistanda keçirilən Beynəlxalq Yay Məktəbində iştirakı Azərbaycan və Özbəkistan arasında təhsil və mədəni əlaqələrin inkişafına və iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verib. Bu cür təşəbbüslər, eyni zamanda, ATMU-nun beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi və tələbələr üçün yeni beynəlxalq imkanların yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.