Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ronen Krausz ilə rəsmi görüş keçirilib. Səfiri görüşdə İsrail Səfirliyinin İctimai əlaqələr üzrə müşaviri Məleykə Hacıyeva müşayiət edib.
Görüşdə ATMU-nun rektoru İlham Mədətov, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Karyera və Məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyeva və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Aytac Babayeva iştirak ediblər.
Görüş çərçivəsində əvvəlki müzakirələrin davamı olaraq, ATMU tələbələrinin İsraildə fəaliyyət göstərən turizm və qonaqpərvərlik müəssisələrində istehsalat təcrübəsi keçməsinin bərpası və bu istiqamətdə əməkdaşlığın praktiki müstəvidə inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, ATMU tələbələrinin əvvəlki illərdə İsraildə turizm və qonaqpərvərlik sahəsində fəaliyyət göstərən müəssisələrdə istehsalat təcrübəsində iştirakı onların nəzəri biliklərinin praktiki bacarıqlara çevrilməsi, beynəlxalq iş mühiti ilə tanışlığı və peşəkar kompetensiyalarının inkişafı baxımından əhəmiyyətli təcrübə yaradıb. Bu təcrübənin yenidən davam etdirilməsi tələbələrin beynəlxalq peşəkar mühitə inteqrasiyası və qlobal turizm sənayesinin tələblərinə uyğun hazırlanması baxımından mühüm imkan kimi qiymətləndirilib.
ATMU-nun rektoru İlham Mədətov görüş zamanı universitetin turizm və qonaqpərvərlik sahəsində ixtisaslaşmış ali təhsil müəssisəsi kimi beynəlxalq tərəfdaşlıqların inkişafına xüsusi önəm verdiyini bildirib. Rektor qeyd edib ki, tələbələrin müxtəlif ölkələrin qabaqcıl turizm və qonaqpərvərlik müəssisələrində praktiki təcrübə əldə etməsi onların peşəkar hazırlığının mühüm komponentlərindən biridir. Bu baxımdan, İsraildə mövcud təcrübə imkanlarının bərpası və genişləndirilməsi ATMU üçün prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirilir.
Müzakirələr zamanı tələbələrin İsraildə istehsalat təcrübəsinin təşkili, potensial tərəfdaş müəssisələrin müəyyənləşdirilməsi, təcrübə proqramlarının məzmununun və iştirak şərtlərinin dəqiqləşdirilməsi, eləcə də əlaqələndirmə mexanizmləri barədə ilkin fikir mübadiləsi aparılıb.
Tərəflər əməkdaşlığın növbəti mərhələsinin daha konkret müstəvidə davam etdirilməsi barədə razılığa gəliblər. Bu məqsədlə tələbələrin İsraildə istehsalat təcrübəsinin təşkili və digər təşkilati məsələlərin müzakirəsi üçün görüşlərin keçirilməsi nəzərdə tutulub.
Görüş qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi, ATMU tələbələrinin beynəlxalq təcrübə imkanlarının genişləndirilməsi və Azərbaycan–İsrail arasında turizm və qonaqpərvərlik təhsili sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Azərbaycanca