ATMU-da Elmi Şuranın 2026/2027-ci tədris ilində ilk iclası keçirilib
14.09.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 165
ATMU-da Elmi Şuranın 2026/2027-ci tədris ilində ilk iclası keçirilib

ATMU-da Elmi Şuranın 2026/2027-ci tədris ilində ilk iclası keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın 2026/2027-ci tədris ilində ilk iclası keçirilib.

İclası giriş sözü ilə açan ATMU-nun rektoru İlham Mədətov Elmi Şura üzvlərini salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə kollektivə uğurlar arzulayıb. Rektor gündəlikdə yer alan məsələlərin yeni tədris ilinin səmərəli təşkili, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, tələbə kontingentinin formalaşdırılması və universitetin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

İclasın ilk məsələsi üzrə yeni tədris ilinə hazırlıq vəziyyəti, tədris prosesinin təşkili, maddi-texniki təminat və 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun nəticələri müzakirə olunub. Bakalavriat, magistratura, doktorantura və ikinci ali təhsil səviyyələri üzrə qəbulun nəticələri, eləcə də yeni qəbul olunmuş tələbələrin kontingenti təhlil edilib. Məsələ ilə bağlı Tədrisin təşkili şöbəsinin müdir müavini Bəhruz İsgəndərov, Elmi tədqiqatlar və akademik təhsil mərkəzinin müdiri Nəsirulla Nəsirli, Təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı, Təsərrüfat və texniki təchizat şöbəsinin müdiri Mayıl Həsənov, İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Bağırlı, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Biznes və menecment fakültəsinin (məktəbi) dekanı Vüqar Nəzərov və Sosial idarəetmə fakultəsinin dekanı Kənan Allahverdiyev məlumat veriblər. Yeni tədris ilinə hazırlıq, tədris prosesinin təşkili və tələbə kontingentinin formalaşdırılması istiqamətində görülmüş işlər diqqətə çatdırılıb.

Daha sonra Tədrisin təşkili şöbəsinin 2025/2026-cı tədris ili üzrə illik hesabatı dinlənilib. Hesabatda ötən tədris ili ərzində tədris prosesinin təşkili, təhsilalanların akademik fəaliyyətinin monitorinqi və şöbənin əsas fəaliyyət istiqamətləri üzrə görülmüş işlər əks olunub.

İclasda Akkreditasiya Komissiyasının (AK) tövsiyələrinin 2026/2027-ci tədris ili üzrə icrasına dair Fəaliyyət Planı müzakirəyə çıxarılıb. Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlı akkreditasiya qiymətləndirilməsinin nəticələri, AK-nın tövsiyələri və onların icrası istiqamətində qarşıda duran vəzifələr barədə məlumat verib.

Həmçinin ATMU-nun 2025/2026-cı tədris ili üzrə daxili Özünütəhlil Hesabatı təqdim olunub, universitetin əsas fəaliyyət istiqamətləri üzrə mövcud vəziyyət, əldə olunan nəticələr və inkişaf etdirilməsi zəruri olan istiqamətlər diqqətə çatdırılıb.

Elmi Şuranın iclasında struktur bölmələrin 2025/2026-cı tədris ili üzrə İş Planlarının icra vəziyyətinə dair hesabat dinlənilib. Daha sonra strukturların və Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə iş planları müzakirə olunaraq təsdiq edilib.

İclasın cari məsələlər bölməsində ATMU-nun müəllimləri Anar Bağırov və Şamil Mehtinin dosent vəzifəsinə təyin edilməsi məsələsinə baxılıb.

Daha sonra universitetin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr arasında ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə malik olanlara “Şəhid Məhəmmədəli Hörmət oğlu Həsənzadə adına Adlı Təqaüd”ün verilməsi ilə bağlı Fərid Cabbarlı məlumat verib.

İclasın sonunda gündəlikdə yer alan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Rektor İlham Mədətov müzakirə olunan məsələlər üzrə aidiyyəti struktur bölmələrinə tapşırıq və tövsiyələrini verib, yeni tədris ilində qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icra olunmasının vacibliyini diqqətə çatdırıb.