ATMU-da “Bilik Günü” qeyd edilib
15.09.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 200
ATMU-da “Bilik Günü” qeyd edilib

ATMU-da “Bilik Günü” qeyd edilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2026/2027-ci tədris ilinin başlanması münasibətilə “Bilik Günü-2026” tədbiri keçirilib.

Tədbirdə universitet rəhbərliyi, Dövlət Turizm Agentliyinin Təlim və təhsil sektorunun müdiri Günay Fərzəliyeva, professor-müəllim heyəti və universitetə yeni qəbul olunmuş tələbələr iştirak ediblər.

Tədbir ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

ATMU-nun rektoru İlham Mədətov 2026/2027-ci tədris ilinin başlanmasını elan edərək açılış nitqi ilə çıxış edib. Rektor yeni tələbələri universitetə qəbul olunmaları münasibətilə təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb.

İlham Mədətov ATMU-nun fəaliyyəti dövründə ölkənin ali təhsil müəssisələri arasında bir sıra mühüm nailiyyətlərə imza atdığını qeyd edib. Rektor ATMU-nun turizm ixtisası üzrə kadr hazırlığını həyata keçirən ilk ixtisaslaşmış dövlət ali təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb. O, həmçinin universitetdə turizm ixtisası üzrə beynəlxalq ikili diplom proqramının fəaliyyət göstərdiyini, tədrisin ixtisaslı və praktik biliklərə malik mütəxəssislər tərəfindən həyata keçirildiyini, tələbələr üçün xarici ölkələrdə istehsalat təcrübəsi keçmək imkanlarının yaradıldığını vurğulayıb.

Rektor bildirib ki, ali məktəb tələbəsi olmaq hər bir gəncin həyatında ən mühüm mərhələlərdən biridir. O, tələbələri ATMU-da yaradılan təhsil və təcrübə imkanlarından səmərəli yararlanmağa çağırıb və universitet tələbəsi adını qazanan gənclərə təhsil həyatlarında uğurlar arzulayıb.

Tədbirdə ATMU-ya bakalavriat səviyyəsi üzrə ən yüksək balla qəbul olunan “Sosial iş” ixtisasının tələbəsi Nəzrin Kazımova da çıxış edib. Tələbə ilk təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra ATMU-ya ən yüksək balla qəbul olunmuş tələbələrə Dövlət Turizm Agentliyinin nümayəndəsi Günay Fərzəliyeva və rektor İlham Mədətov tərəfindən hədiyyə və sertifikatlar təqdim olunub, sonda xatirə fotosu çəkdirilib.