ATMU-da Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirilib
21.09.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 173
ATMU-da Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 21 avqust - 21 sentyabr tarixlərini “Sülh Aylığı” elan etməsi çərçivəsində təşkil olunub.

Görüşdə məruzəçi, professor Məhərrəm Zülfüqarlı geniş nitq ilə çıxış edib. O, çıxışında sülh mədəniyyətinin formalaşması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, habelə insan hüquqları və tolerantlıq dəyərlərinin təşviqi məsələlərinə toxunub. M.Zülfüqarlı vurğulayıb ki, müasir dövrdə davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün gənclər arasında hüquqi maarifləndirmə işlərinin aparılması və humanist dəyərlərin aşılanması xüsusi əhəmiyyət kəsb edir.

Professor öz çıxışında müasir dünyada gedən mürəkkəb siyasi proseslərə və müxtəlif regionlarda baş verən müharibələrə toxunaraq, qlobal miqyasda sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O bildirib ki, müharibələrin gətirdiyi fəsadlar fonunda sülh mədəniyyətinin, insan hüquqları və tolerantlıq dəyərlərinin təşviqi bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edir.

M.Zülfüqarlı xüsusilə qeyd edib ki, Azərbaycan xalqı öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək tarixinə qalib xalq kimi adını yazdırıb. Qazanılan bu tarixi zəfərdən sonra regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunması istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılır.

Tədbirdə ATMU-nun müəllim heyəti və universitet tələbələri iştirak ediblər.

Sonda "Sülhə sərmayə qoyaq - hər kəs üçün, hər yerdə, hər gün!" çağırışı diqqətə çatdırılaraq, bu qəbilədən olan maarifləndirici tədbirlərin davamlı olmasının vacibliyi bir daha qeyd edilib.

#SülhAylığı

#PeaceMonth