Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə və universitetin qarşısında duran strateji vəzifələrə həsr olunmuş geniştərkibli iclas keçirilib.
İclası giriş sözü ilə açan ATMU-nun rektoru İlham Mədətov Dövlət Proqramının ölkədə rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, eləcə də regionlarda turizmin inkişafının təşviqi baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Rektor bildirib ki, dövlət səviyyəsində qoyulan bu hədəflərin reallaşmasında keyfiyyətli kadr hazırlığı və elmi potensialın düzgün yönəldilməsi həlledici rol oynayır. Bu baxımdan ATMU-nun üzərinə mühüm məsuliyyət düşür.
Tədbirdə universitetin prorektorları, rektor müşaviri, dekanlar və şöbə müdirləri iştirak ediblər.
Müzakirələr çərçivəsində prorektorlar çıxış edərək, tədris proqramlarının müasir turizm bazarının tələblərinə uyğun olaraq yenilənməsi və elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi istiqamətində konkret təkliflər səsləndiriblər. Onlar, həmçinin xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, tələbələrin istehsalat təcrübəsi imkanlarının artırılması və innovativ təlim metodlarının tətbiqi sahəsində görüləcək işləri diqqətə çatdırıblar.
İclasda eyni zamanda, strukturlar üzrə Dövlət Proqramından irəli gələn məsələlərin icra mexanizmləri barədə fikir mübadiləsi aparılıb.
Müzakirələrin sonunda rektor İlham Mədətov tərəfindən Dövlət Proqramından irəli gələn tapşırıqların icrası ilə bağlı müvafiq struktur bölmələrinə göstərişlər verilib.
Azərbaycanca