Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq münasibətlər ixtisası üzrə tələbəsi Məmmədova Təhminə Eyvaz qızı (BM 2401) Türkiyə Beynəlxalq Mübadilə Təqaüd Proqramı (TIES) çərçivəsində 2026/2027-ci tədris ilində Türkiyə Respublikasında təhsil almaq hüququ qazanıb.
Təhminə Məmmədova Ankara şəhərində fəaliyyət göstərən Ankara Hacı Bayram Veli Universitetində türk dilində iki semestr müddətində mübadilə proqramı çərçivəsində təhsil alacaq.
Mübadilə proqramı müddətində tələbənin beynəlxalq akademik mühitdə təcrübə qazanması, peşəkar və şəxsi inkişafına töhfə verəcək yeni bilik və bacarıqlar əldə etməsi, həmçinin Türkiyənin ali təhsil və mədəni mühiti ilə yaxından tanış olması nəzərdə tutulur.
Proqram çərçivəsində tələbəyə Türkiyə Beynəlxalq Mübadilə Təqaüd Proqramı tərəfindən təqaüd ayrılacaq. Həmçinin müvafiq təqaüd proqramı çərçivəsində tələbənin yerləşmə və aviabilet xərcləri qarşılanacaq.
ATMU tələbəsinin beynəlxalq mübadilə proqramında iştirakı Universitetin tələbələrin beynəlxalq akademik mobilliyinin və xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin növbəti nümunəsidir.
Azərbaycanca