ATMU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib
25.09.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 137
ATMU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 27 Sentyabr - Anım Günü münasibətilə anım mərasimi keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və Vətən müharibəsi iştirakçısı olan məzunlar iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan ATMU-nun tədris işləri üzrə prorektoru Zaur Bağırov 44 günlük Vətən müharibəsinin xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb. O, böyük Zəfərin Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edildiyini qeyd edib.

Tədbirdə tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Şəhidlərimizin qəhrəmanlıq salnaməsi, zəfər tariximiz və tarixi zəmin” mövzusunda çıxış edib. Professor çıxışında İkinci Qarabağ müharibəsinə aparan tarixi-siyasi prosesləri, 30 illik işğal dövrünü və Azərbaycanın ədalətli mübarizəsini elmi-tarixi baxımdan təhlil edib. M.Zülfüqarlı Azərbaycanın əsgər və zabitlərinin göstərdiyi misilsiz qəhrəmanlıqlardan, şəhidlərimizin qanı ilə yazılan Zəfər salnaməsindən danışaraq, tarixi Qələbənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirib. O, şəhidlərin əziz xatirəsini yaşatmağın və onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmağın hər bir azərbaycanlının mənəvi borcu olduğunu vurğulayıb.

Daha sonra ATMU məzunu, Vətən müharibəsi iştirakçısı Çingiz Pirizadə çıxış edərək cəbhə xatirələrini, keçdiyi şərəfli döyüş yolunu və qazanılan Zəfərlə bağlı təəssüratlarını bölüşüb.

Tədbirdə ATMU məzunları, Vətən müharibəsi iştirakçıları Anar Mahmudov və Nicat Əlizadə də iştirak ediblər.

Mərasimdə ATMU-nun şəhid məzunu Məhəmmədli Həsənzadənin də əziz xatirəsi yad olunub və onun xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbir şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadə olunması ilə yekunlaşıb.