ATMU IMC TPP Lecturer’s Conference 2026-da iştirak edib
28.09.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 108
ATMU IMC TPP Lecturer’s Conference 2026-da iştirak edib

2026/2027-ci tədris ilinin payız semestrinin başlanması ərəfəsində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti tərəfindən tərəfdaş universitetlərin akademik heyəti və nümayəndələri üçün təşkil olunan IMC TPP Lecturer’s Conference 2026 tədbirində iştirak ediblər.

Tədbir tərəfdaş universitetin Transmilli Təhsil Proqramının həyata keçirildiyi beş müxtəlif məkandan 60-dan çox müəllim və akademik nümayəndəni bir araya gətirib. Görüş çərçivəsində “Turizm və Asudə Vaxtın İdarəedilməsi”, “Biznesin İdarəedilməsi” və “Beynəlxalq Biznesin İdarəedilməsi” proqramları üzrə tədris prosesinin inkişafı və akademik məsələlər müzakirə olunub.

Görüş çərçivəsində, həmçinin ATMU üzrə IMC Transmilli Təhsil Proqramının yeni direktoru Prof. Markus Walter Eitle iştirakçılara təqdim olunub. Tədbir zamanı Transmilli Təhsil Proqramlarının gələcək inkişaf istiqamətləri, akademik heyətin fəaliyyəti və proqramların beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi ilə bağlı məsələlərə də diqqət yetirilib.

Konfransın əsas müzakirə istiqamətlərindən biri beynəlxalq akkreditasiya olan AACSB çərçivəsi olub. Bu çərçivə üzrə akademik heyətin kvalifikasiyası, elmi-tədqiqat fəaliyyəti, peşəkar təcrübə və təlim nəticələrinin təminatı (Assurance of Learning) ilə bağlı məsələlər nəzərdən keçirilib.

Tədbirdə ATMU-da Azərbaycan-Avstriya Turizm Proqramı üzrə AATP 2026 bakalavr qrupunda tələbə sayının əhəmiyyətli dərəcədə artması xüsusi qeyd olunub. Bu göstərici proqrama olan marağın artmasını və ATMU ilə IMC Krems əməkdaşlığı çərçivəsində həyata keçirilən beynəlxalq təhsil proqramının inkişaf dinamikasını əks etdirən mühüm göstərici kimi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universiteti ilə IMC Krems Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq çərçivəsində “Turizm və Asudə Vaxtın İdarəedilməsi” istiqaməti üzrə beynəlxalq təhsil proqramı həyata keçirilir. Proqram çərçivəsində ATMU tələbələri beynəlxalq akademik standartlara uyğun təhsil imkanlarından yararlanır və turizm və asudə vaxtın idarə edilməsi sahəsində müasir bilik və bacarıqlar əldə edirlər.

IMC TPP Lecturer’s Conference 2026 yeni tədris ili ərəfəsində tərəfdaş universitetlərin akademik nümayəndələrinin bir araya gəlməsi, proqramların inkişaf istiqamətlərinin müzakirəsi, tədris və akademik fəaliyyətlə bağlı yeniliklərin paylaşılması baxımından əhəmiyyətli platforma olub.

ATMU və IMC Krems arasında mövcud əməkdaşlığın davamlı inkişafı çərçivəsində bu kimi görüşlərin beynəlxalq akademik əlaqələrin möhkəmləndirilməsinə, tədrisin keyfiyyətinin yüksəldilməsinə və tələbələr üçün yaradılan təhsil imkanlarının daha da genişləndirilməsinə töhfə verməsi nəzərdə tutulur.