Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm işi” kafedrasının “Turizm” dərnəyində 29 sentyabr – “Turizm işçiləri günü” peşə bayramına həsr olunmuş görüş təşkil edilib.
Görüşü giriş sözü ilə “Turizm işi” kafedrasının müdiri, dosent Hafiz Hüseynov açaraq iştirakçıları təbrik edib və günün əhəmiyyətini vurğulayıb. Hafiz Hüseynov turizm sektorunun ölkə iqtisadiyyatındakı strateji rolundan bəhs edərək, bu sahədə kadr hazırlığının yüksək keyfiyyətlə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. O, həmçinin tələbələrin nəzəri biliklərlə yanaşı, sahəvi layihələrdə fəal iştirakının onların gələcək peşəkar inkişafında mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.
Daha sonra kafedranın baş müəllimi Aynur Hüseynzadə “Dövlət Turizm Agentliyinin Azərbaycanda kənd turizmi və icma əsaslı turizmin inkişafına yönəlik həyata keçirdiyi layihələr” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə ölkəmizdə kənd və icma əsaslı turizmin mövcud vəziyyəti, bu sahədə icra olunan layihələr və perspektivlər haqqında ətraflı məlumat verilib.
Tədbirdə “Turizm işi” kafedrasının əməkdaşları ilə yanaşı, “Turizm işinin təşkili” ixtisasının TB 2601 qrup tələbələri də iştirak ediblər.
Azərbaycanca