ATMU-da “Turizm İşçiləri Günü”nə həsr olunmuş tədbir keçirilib
29.09.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 73
ATMU-da “Turizm İşçiləri Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Kitabxana İnformasiya Mərkəzində “Turizm İşçiləri Günü”nə həsr olunmuş tədbir təşkil edilib.

Tədbiri giriş sözü ilə açan professor Məhərrəm Zülfüqarlı “Turizm İşçiləri Günü”nün əhəmiyyətindən və görüşün əsas məqsədindən bəhs edib. O, turizm sektorunun qlobal və milli səviyyədə oynadığı rolu xüsusi vurğulayaraq, bu sahənin ölkə iqtisadiyyatının dayanıqlı inkişafındakı müstəsna mövqeyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən ATMU-nun rektoru İlham Mədətov turizm sənayesinin ölkəmizdə dinamik inkişaf mərhələsinə qədəm qoyduğunu və dövlətin bu sahəyə xüsusi diqqət yetirdiyini vurğulayıb. Rektor "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın strateji əhəmiyyətini qeyd edərək, bu proqramın ölkənin turizm potensialının gücləndirilməsində yeni imkanlar açacağını bildirib. O, həmçinin xidmət keyfiyyətinin yüksəldilməsində əsas amil olan yüksəkixtisaslı və rəqabətqabiliyyətli kadr hazırlığı istiqamətində üniversitetin üzərinə mühüm vəzifələrin düşdüyünü diqqətə çatdırıb. İlham Mədətov tələbələrin müasir bilik və bacarıqlara yiyələnmələrinin gələcək turizm bazarının tələblərinə cavab vermək baxımından vacibliyini vurğulayıb və bütün turizm işçilərini, eləcə də universitet kollektivini və tələbələri peşə bayramı münasibətilə təbrik edib.

Daha sonra Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov "Turizm İşçiləri Günü və ölkəmizdə turizm siyasəti, kadr hazırlığı: Azərbaycan Respublikası Prezidentinin yeni Sərəncamından irəli gələn məsələlər" mövzusunda geniş məruzə ilə çıxış edib. Dekan ölkədə turizm sənayesinin müasir tələblərə uyğun şəkildə şaxələndirilməsi, innovativ yanaşmaların tətbiqi və rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılması məsələlərinə toxunub. O, həmçinin dövlət başçısının müvafiq Sərəncamından irəli gələn strateji hədəflərin həyata keçirilməsində ali təhsil müəssisələrinin və akademik heyətin üzərinə düşən mühüm məsuliyyəti xüsusi vurğulayıb. Bahadur Bilalov həmçinin gənc mütəxəssislərin və tələbələrin bu cür strateji dövlət proqramlarının mahiyyətini mənimsəmələrinin vacibliyini qeyd edib.