ATMU-da Turizm Gününə həsr olunmuş seminar keçirilib
29.09.2026
Mehmanxana və restoran işi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 47
ATMU-da Turizm Gününə həsr olunmuş seminar keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Mehmanxana və restoran işi” (MRİ) kafedrasında Ümumdünya Turizm Gününə həsr olunmuş seminar təşkil olunub.

MRİ kafedrasının müdiri, dosent Tərlan Növrəslinin təşəbbüsü ilə baş tutan tədbirdə kafedranın dosentləri Çingiz Əliyev və Gülnar Məmmədli, müəllim Pakizə Tanırverdiyeva, eləcə də QM-2301 qrupunun tələbələri iştirak ediblər.

Seminarın əsas məqsədi tələbələrin turizmin müasir tendensiyaları, beynəlxalq proqramlar və ölkə turizminin perspektivləri barədə biliklərini genişləndirmək, onlarda analitik və peşəkar düşünmə bacarıqlarını inkişaf etdirmək olub.

Tədbir çərçivəsində "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın əsas istiqamətləri təqdim edilib. Sənəddə turizm məhsullarının və qida sənayesinin inkişafı, qastronomiya turizminin təşviqi, rəqəmsallaşma, innovasiyalar, xidmət keyfiyyətinin yüksəldilməsi və insan resurslarının təkmilləşdirilməsi prioritet sahələr kimi diqqətə çatdırılıb.

Seminarda məruzəçi kimi çıxış edən QM-2301 qrupunun tələbəsi Şəhla İsgəndərova beynəlxalq turizm proqramlarının əsas istiqamətləri, sahədəki müasir dəyişikliklər və gənc mütəxəssislər üçün yaranan yeni imkanlar barədə geniş məlumat verib.

Tədbir sual-cavab və qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb. Görüşdə Dövlət Proqramının hədəflərinin tələbələrin peşəkar hazırlığındakı rolunun əhəmiyyəti vurğulanıb. Kafedra müdiri dos. Tərlan Növrəsli tələbələrə gələcək peşə fəaliyyətlərində uğurlar arzulayaraq tövsiyələrini verib və turizm sahəsinin təmsilçilərini peşə bayramı münasibətilə təbrik edib.

Bu qəbilədən olan tədbirlər tələbələrin dövlətin turizm siyasəti barədə məlumatlılığını artırmaqla yanaşı, nəzəri biliklərin aktual dövlət sənədləri əsasında möhkəmlənməsinə və onların gələcək kadr kimi formalaşmasına mühüm töhfə verir.