Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran işi (MRİ) kafedrasında "Qida mühəndisliyi" ixtisasının tələbələri üçün "Meyvə-tərəvəz konservlərinin istehsal texnologiyası" fənni üzrə praktiki dərs təşkil olunub.
A.e.ü.f.d, dosent Çingiz Əliyevin rəhbərliyi ilə keçirilən məşğələnin əsas mövzusu meyvə xammalının, o cümlədən şaftalı və soğanın mikroskopik müayinəsi, onların struktur xüsusiyyətləri və texnoloji emala yararlılığının öyrənilməsi olub.
Dərs zamanı tələbələr mikroskop vasitəsilə şaftalı nümunəsini müşahidə edərək meyvənin botaniki və morfoloji xüsusiyyətləri, hüceyrə quruluşu, toxuma strukturu və xammalın keyfiyyət göstəriciləri barədə praktiki biliklər əldə ediblər. Laboratoriya şəraitində aparılan müşahidələr tələbələrə nəzəri məlumatları praktiki şəkildə tətbiq etmək və nəticələr çıxarmaq imkanı yaradıb.
Məşğələ çərçivəsində meyvə xammalının konserv istehsalına qəbulu zamanı nəzərə alınan əsas meyarlar diqqətə çatdırılıb. Tələbələrə xammalın texnoloji yetişkənliyi, mexaniki zədələnmələrin qiymətləndirilməsi, partiyanın qəbulu, sənədləşdirilməsi və keyfiyyət göstəricilərinin təyini barədə ətraflı məlumat verilib. Xüsusilə vurğulanıb ki, emal üçün xammalın düzgün seçilməsi hazır konserv məhsullarının keyfiyyətinə, təhlükəsizliyinə və saxlanma davamlılığına birbaşa təsir göstərir.
Tədris prosesində fənn müəllimi, Çingiz Əliyevlə yanaşı, MRİ kafedrasının müdiri, s.ü.f.d., dosent Tərlan Növrəsli və müəllim Səkinə Cəfərli də iştirak ediblər.
Bu cür praktiki məşğələlərin keçirilməsi tələbələrin laboratoriya avadanlıqları ilə işləmək bacarıqlarını inkişaf etdirir, qida xammalının keyfiyyətini düzgün qiymətləndirməyə və texnoloji prosesləri dərindən mənimsəməyə kömək edir.
Azərbaycanca