Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları ali təhsildə keyfiyyət təminatı üzrə III ADA Simpoziumunda iştirak ediblər.
“ADA” Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə təşkilatçılığı ilə keçirilən simpoziumda ATMU-nu Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin baş mütəxəssisi Firuzə Raşova və Tədrisin təşkili şöbəsinin təhsil məsələləri üzrə müdir müavini Liana Sadıqzadə təmsil ediblər.
“ADA” Universitetində təşkil olunan tədbirin əsas məqsədi ali təhsil müəssisələrində keyfiyyət təminatı üzrə qabaqcıl təcrübələrin paylaşılması, mövcud yanaşmaların müzakirəsi və keyfiyyət mədəniyyətinin inkişafına dair fikir mübadiləsinin aparılması olub.
İki gün davam edən simpozium çərçivəsində akkreditasiya strategiyaları, kurikulumun hazırlanması, səriştələrin inkişafı, məzunların məşğulluğu və təhsildə süni intellektin tətbiqi ilə bağlı panel müzakirələri və tematik sessiyalar keçirilib.
Tədbirdə yerli və beynəlxalq ekspertlər, ali təhsil müəssisələrinin nümayəndələri və keyfiyyət təminatı üzrə mütəxəssislər iştirak ediblər.
Simpozium çərçivəsində ali təhsil müəssisələri arasında təcrübə və fikir mübadiləsi aparılıb, akkreditasiya prosesində qarşıya çıxan aktual məsələlər və mövcud çətinliklər müzakirə olunub, onların həlli istiqamətində yanaşmalar nəzərdən keçirilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Azərbaycanca