Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) nəzəri biliklərin təcrübəyə inteqrasiyası çərçivəsində seminar dərslərinin birbaşa sahənin aparıcı müəssisələrində keçirilməsi layihəsinə başlanılıb. Bu çərçivədə ilk tədris ünvanı beynəlxalq brendə məxsus “Courtyard by Marriott Baku” hoteli olub.
ATMU-nun “Turizm və qonaqpərvərlik” fakültəsinin tələbələri “Qonaqpərvərlik sahəsinin idarə edilməsi” fənni üzrə nəzərdə tutulan seminar dərsini fənn müəllimi Günay Paşazadənin rəhbərliyi ilə sözügedən hoteldə keçiriblər. Hotel mühitində reallaşan ilk tədris məşğələsinin əsas məqsədi tələbələrin idarəetmə prinsiplərini bilavasitə real iş şəraitində mənimsəmələrini təmin etməkdir.
Seminar dərsində hotelin təcrübəli menecer heyəti tərəfindən tələbələrə geniş məlumat verilib. Ön büro şöbəsinin meneceri Fərid Həsənov “Courtyard by Marriott Baku” hotelinin brend standartları, idarəetmə modeli, müştəri məmnuniyyətinin təmin olunması strategiyaları və departamentlərarası işin təşkili haqqında ətraflı təqdimatla çıxış edib. Tədris prosesi interaktiv formada davam etdirilərək, qeydiyyat, qida və içki, təsərrüfat və digər əməliyyat şöbələrinin iş mexanizmi real nümunələr üzərindən izah olunub.
Dərsin gedişində tələbələr hotelin infrastruktur imkanları, otaq fondu və konfrans zalları ilə də tanış olub, menecerə idarəetmə və qonaqpərvərlik sektorunun müasir trendləri ilə bağlı ünvanladıqları suallara ətraflı cavablar alıblar.
Qeyd edək ki, seminar dərslərinin hotellərdə keçirilməsi tələbələrin peşəkar bacarıqlarının formalaşmasında və sənayenin tələblərinə uyğun kadr kimi yetişməsində xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanca