Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması və tələbələrin qlobal təcrübədən bəhrələnməsi istiqamətində növbəti addım atılıb. Bu həftə ərzində universitetin müxtəlif bakalavr qrupları üçün xarici mütəxəssislər tərəfindən intensiv dərslərin tədrisinə start verilib.
Proqram çərçivəsində Şotlandiyanın “Glasgow Caledonian University”nin fəxri professoru, professor John J. Lennon AATP 2026 bakalavr qrupunun tələbələrinə mühazirələr keçir. Professor tərəfindən tədris olunan “Global Tourism Dynamics: Concepts and Geographies” (Qlobal turizm dinamikası: Anlayışlar və coğrafiyalar) fənni müasir turizm trendləri, qlobal turizm bazarının inkişaf istiqamətləri və coğrafi xüsusiyyətlərin turizmə təsiri kimi mühüm mövzuları əhatə edir.
Mühazirələr həftəiçi hər gün saat 09:00-13:00 aralığında ATMU-da təşkil olunur. İnteraktiv formatda keçirilən dərslərdə tələbələr beynəlxalq turizm sahəsindəki nəzəri və praktiki biliklərə yiyələnmək, eyni zamanda mövzu ətrafında xarici mütəxəssislə birbaşa fikir mübadiləsi aparmaq imkanı əldə edirlər.
Qeyd edək ki, ATMU-da xarici professorların dəvət olunması və beynəlxalq proqramların həyata keçirilməsi tələbələrin qlobal əmək bazarında rəqabətqabiliyyətli kadr kimi yetişməsinə xidmət edir.
Azərbaycanca