Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) TİT2403 və TİT2404 qrup tələbələri üçün "Baku Marriott Hotel Boulevard"da praktiki təlim və dərs məşğələsi təşkil olunub.
Tədris proqramı çərçivəsində baş tutan səfərdə müəllimlər - Günay Paşazadənin tədris etdiyi "Qonaqpərvərlik sahəsinin idarə edilməsi" və Hikmət Quliyevin tədris etdiyi "Servis fəaliyyəti" fənləri üzrə nəzəri biliklərin istehsalat mühitində tətbiqi nümayiş etdirilib.
Tədbir zamanı hotelin İnsan resursları üzrə böyük koordinatoru Aydan Mustafayeva və Təlim üzrə meneceri Zeynəb Osiyeva tələbələrə mehmanxana biznesinin müasir standartları, qonaqlara xidmət mədəniyyəti, kadr idarəçiliyi və müəssisədə tətbiq olunan beynəlxalq təlim proqramları haqqında ətraflı məlumat veriblər.
Görüş çərçivəsində hotel nümayəndələri tərəfindən gələcəyin turizm mütəxəssisləri üçün xüsusi interaktiv təlim keçirilib. Tələbələr hotelin müxtəlif departamentlərinin iş prinsipi ilə yaxından tanış olub, praktiki suallarını ünvanlayaraq tövsiyələr alıblar.
Qeyd edək ki, ATMU-nun sahəvi müəssisələrlə həyata keçirdiyi bu kimi təcrübə yönümlü dərsləri tələbələrin peşəkar bacarıqlarının formalaşmasında və əmək bazarına inteqrasiyasında vacib rol oynayır.
Azərbaycanca