Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) AATP 2024 bakalavr qrupunun tələbələri üçün serbiyalı professor Ivana Volic tərəfindən tədris olunan “Bachelor Seminar I” fənni üzrə dərslər uğurla yekunlaşıb.
Tələbələrin peşəkar bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun şəkildə yüksəldilməsi, onlara müasir elmi-tədqiqat metodologiyalarının və vərdişlərinin aşılanması məqsədilə təşkil edilən intensiv məşğələlər həftəiçi hər gün ATMU-nun əsas binasında keçirilib.
Tədris müddətində professor Ivana Volic öz zəngin beynəlxalq təcrübəsini tələbələrlə bölüşərək, onlara akademik yazı qaydaları və standartları, elmi mənbələrlə effektiv işləmə metodları, tədqiqat işlərinin hazırlanması və təqdimatı istiqamətlərində praktiki bilik və vərdişlər aşılayıb.
Dərslərin sonunda tələbələrin əldə etdikləri bilik və bacarıqlar qiymətləndirilib, interaktiv müzakirələr aparılıb. Qeyd edək ki, xarici mütəxəssislərin iştirakı ilə reallaşan bu cür beynəlxalq tədris proqramları ATMU-da təhsilin keyfiyyətinin artırılmasına, tələbələrin qlobal əmək bazarında rəqabətədavamlı kadr kimi formalaşmasına və beynəlxalq akademik mühitə inteqrasiyasına mühüm töhfə verir.
Azərbaycanca