ATMU-da 2026-2027-ci tədris ili üzrə monitorinqə başlanılıb
15.10.2026
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 629
ATMU-da 2026-2027-ci tədris ili üzrə monitorinqə başlanılıb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təlim, tədris və biliyin qiymətləndirilməsi prosesinin keyfiyyətinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2026/2027-ci tədris ili üzrə monitorinq prosesinə başlanılıb.

Monitorinq ATMU-nun Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin koordinasiyası və Monitorinq Komissiyasının qiymətləndirilməsi ilə həyata keçirilir. Proses çərçivəsində dərslərin təşkili və keçirilməsi, təlim metodlarından istifadə, müəllim-tələbə əlaqələri, tələbələrin dərsdə fəallığı, eləcə də tədrisin keyfiyyətinə təsir göstərən digər amillərin qiymətləndirilməsi nəzərdə tutulur.

Monitorinqin əsas istiqamətlərindən biri tədris prosesində tətbiq olunan səmərəli pedaqoji yanaşmaların müəyyənləşdirilməsi, müsbət təcrübələrin öyrənilməsi və yayılması, həmçinin təkmilləşdirilməyə ehtiyac olan sahələrin aşkarlanmasıdır. Əldə edilən nəticələrin təhlili tədrisin təşkilinin daha da təkmilləşdirilməsinə və keyfiyyətin yüksəldilməsinə yönəlmiş müvafiq təklif və tövsiyələrin hazırlanmasına imkan yaradacaq.

ATMU-da monitorinq prosesi qiymətləndirmə mexanizmi olmaqla yanaşı, həm də tədrisin keyfiyyətinin davamlı inkişafına, müəllimlərin peşəkar fəaliyyətinin dəstəklənməsinə və universitetdə keyfiyyət təminatı mədəniyyətinin gücləndirilməsinə xidmət edir. Bu yanaşma təlim-tədris təcrübəsinin yaxşılaşdırılmasına, tələbəyönümlü tədris mühitinin inkişafına və universitetin strateji hədəflərinin həyata keçirilməsinə töhfə verməyi nəzərdə tutur.