Elmə həsr olunmuş ömür: dosent Nəsirulla Nəsirlinin 75 illik yubileyi
16.10.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 586
Elmə həsr olunmuş ömür: dosent Nəsirulla Nəsirlinin 75 illik yubileyi

Bu gün Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Tədqiqatlar və Akademik Təhsil Mərkəzinin müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsirulla Nəsirlinin anadan olmasının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Yubiley mərasimində ATMU kollektivi, eləcə də universitetin professor-müəllim heyəti iştirak edib.

Tədbirdə rektor İlham Mədətov çıxış edərək Nəsirulla Nəsirlini 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib. Rektor öz təbrik nitqində yubilyarın elmi-pedaqoji fəaliyyətini, universitetin quruculuğunda və inkişafındakı müstəsna xidmətlərini və Akademik Təhsil Mərkəzinin fəaliyyətinin təşkilindəki mühüm rolunu yüksək qiymətləndirib, ona möhkəm cansağlığı və yeni elmi uğurlar arzulayıb.

Tədbir boyunca çıxış edən professor-müəllim heyəti və kollektiv üzvləri də Nəsirulla müəllim haqqında xoş xatirələrini və səmimi arzularını bölüşərək yubilyara fəaliyyətində müvəffəqiyyətlər diləyiblər.

16 oktyabr 1951-ci ildə anadan olan Nəsirulla Nəsirli 1969–1973-cü illərdə Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetində riyaziyyat müəllimi ixtisası üzrə təhsil alıb. O, 1986-cı ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini, 1991-ci ildə isə dosent elmi adını qazanıb.

Əmək fəaliyyətinə 1974-cü ildə Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat kafedrasında assistent kimi başlayan N.Nəsirli 2006-cı ilədək həmin təhsil müəssisəsində assistent, müəllim, baş müəllim, dosent, kafedra müdiri, eləcə də mühəndis-pedaqoji (1994–1997) və ixtisasartırma və yenidənhazırlama (1997–2006) fakültələrinin dekanı vəzifələrində çalışıb.

2006-cı ildən fəaliyyətini Azərbaycan Turizm və Menecment Universitetində davam etdirən yubilyar bu illər ərzində Turizm işinin təşkili və idarə edilməsi fakültəsinin dekanı (2006–2012), tədris şöbəsinin müdiri (2007–2008), magistratura, doktorantura və əlavə təhsil şöbəsinin müdiri (2013–2018) və Elm və innovasiya şöbəsinin müdiri (2018–2025) vəzifələrini icra edib. O, 2025-ci ildən Elmi Tədqiqatlar və Akademik Təhsil Mərkəzinin müdiri kimi fəaliyyətini davam etdirir.

Geniş elmi irsə malik olan dosent Nəsirulla Nəsirli 60-dan çox məqalə, 15-dən çox fənn proqramı və 4 kitabın müəllifidir.

ATMU kollektivi olaraq hörmətli Nəsirulla müəllimi 75 illik yubileyi münasibətilə bir daha təbrik edir, ona cansağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq!