Şotlandiyalı professorun ATMU-da tədris etdiyi blok həftə başa çatıb
19.10.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 125
Şotlandiyalı professorun ATMU-da tədris etdiyi blok həftə başa çatıb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində Şotlandiyalı professor Justin John Lennon tərəfindən keçirilən iki həftəlik blok tədris başa çatıb.

Professor AATP-nin 2026-cı il bakalavr qrupu üçün “Global Tourism Dynamics: Concepts and Geographies” fənnini tədris edib. İki həftə ərzində tələbələr qlobal turizmin əsas anlayışları, inkişaf mərhələləri və müasir tendensiyaları, eləcə də turizm sisteminin strukturu və coğrafi xüsusiyyətləri üzrə biliklərini genişləndiriblər.

Tədris proqramı çərçivəsində turizmin tarixi inkişafı, turistlərin növləri, motivasiyaları və səyahət davranışları, turizm sisteminin əsas komponentləri, o cümlədən turizm məkanları, yerləşdirmə müəssisələri, nəqliyyat və vasitəçi təşkilatların rolu əhatə olunub. Həmçinin dövlət qurumlarının, özəl sektorun, qeyri-hökumət təşkilatlarının və yerli icmaların turizmdə rolu, beynəlxalq təşkilatların fəaliyyəti, qlobal turizm bazarları, tələb və təklif amilləri, yeni turizm istiqamətləri və turizmin inkişafına təsir göstərən mədəni, iqtisadi, ekoloji və siyasi faktorlar müzakirə edilib.

Blok həftənin sonunda tələbələr əldə etdikləri bilikləri təqdimatlar vasitəsilə nümayiş etdiriblər. Yekun təqdimatlar tələbələrin qlobal turizm proseslərini təhlil etmək, turizmə coğrafi və çoxşaxəli yanaşma tətbiq etmək, eləcə də akademik biliklərini təqdim etmək bacarıqlarının inkişafına xidmət edib.

AATP çərçivəsində xarici professorların tədris prosesində iştirakı tələbələrin beynəlxalq akademik təcrübədən faydalanmasına, turizm sahəsində aktual biliklər əldə etməsinə və peşəkar bacarıqlarını inkişaf etdirməsinə imkan yaradır.

Azərbaycan Turizm və Menecment Universiteti beynəlxalq əməkdaşlığın genişləndirilməsi və tədris prosesində beynəlxalq təcrübənin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir.