Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” adlı yeni kitabı işıq üzü görüb.
Tarixi gerçəklikləri əks etdirən bu nəşrdə Ucar sözünün mənşəyindən başlayaraq ərazinin qədim və orta əsrlər tarixi, Bərgüşad, Qazyan, Ramal küp qəbirləri, Yuxarı Şilyandan tapılmış dəfinə, eləcə də Ucar stansiyasının yaranması və strateji əhəmiyyəti barədə ətraflı məlumat verilir.
Kitabda həmçinin 1918-ci il Göyçay döyüşləri, Göyçay qəzasındakı iyun soyqırımı, AXC dövründə Türkiyəyə oxumağa göndərilən ucarlı tələbə Sədi Hacı Həsən oğlu, sovet hakimiyyəti illəri, Zərdab üsyanı, 1991–2026-cı illərdə müstəqillik dövrü və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Ucar şəhidləri haqqında diqqətçəkən mövzular yer alıb. Maraqlı məqamlardan biri də nəşrdə "Süni intellekt 'Ucar tarixi' haqqında" materialın daxil edilməsidir.
Oxucular və tədqiqatçılar yeni kitabla maharramzulfugarli.com saytında və M.F.Axundov adına Mərkəzi Kitabxanada tanış ola bilərlər.
Azərbaycanca