Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Turizm işi" kafedrasında fəaliyyət göstərən "Turizm" dərnəyinin təşkilatçılığı ilə növbəti görüş baş tutub.
Tədbir "Ekoloji maarifləndirmə: biomüxtəlifliyin qorunması" mövzusuna həsr olunub. Görüşün əsas məqsədi tələbələrin ekoloji maarifləndirilməsi, biomüxtəlifliyin qorunmasının vacibliyi və turizm sahəsində ekoloji məsuliyyətin artırılması istiqamətində müzakirələrin aparılması olub.
Tədbiri giriş sözü ilə açan Turizm işi kafedrasının müdiri, dosent Hafiz Hüseynov mövzunun aktualığına toxunaraq ekoloji tarazlığın qorunmasında gənclərin və turizm mütəxəssislərinin rolunu vurğulayıb. O, ekoloji maarifləndirmənin gənclərin dünyagörüşünün formalaşmasında əhəmiyyətini qeyd edərək, təbiətin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu bildirib.
Görüşdə məruzəçi qismində çıxış edən Turizm işi kafedrasının baş müəllimi Elnurə Əliyeva mövzu üzrə ətraflı təqdimatla çıxış edib. O, təqdimatında biomüxtəlifliyin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə və turizm fəaliyyətində ekoloji prinsiplərə riayət olunmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, görüşdə kafedra əməkdaşları ilə yanaşı, "Turizm işinin təşkili" ixtisasının TB 2601 qrup tələbələri də iştirak ediblər.
Azərbaycanca