Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avstriya-Azərbaycan Turizm Proqramının AATP 2024-cü il qəbul qrupunun tələbələri üçün “Sustainability in Tourism” (“Turizmdə dayanıqlılıq”) fənni tədris olunur.
Fənni İtaliyanın Berqamo Universitetinin dosenti, fəlsəfə doktoru (Ph.D.) Giancarlo Fedeli tədris edir. Onun elmi tədqiqat istiqamətlərinə elektron turizm, turizm marketinqi, rəqəmsal texnologiyalar, sosial media, dezinformasiya, turistik məkanlar və turizm etikası daxildir. G.Fedeli beynəlxalq akademik fəaliyyətində qlobal tədris, elmi əməkdaşlıq və turizm və menecment təhsili sahəsində akademik mobillik məsələlərinə xüsusi diqqət yetirir.
Fənnin əsas məqsədi tələbələrdə turizm və qonaqpərvərlik sənayesində dayanıqlılıq prinsipləri, turizmin iqtisadi, sosial və ekoloji təsirləri, eləcə də bu təsirlərin azaldılması yolları haqqında nəzəri bilik və praktiki yanaşmalar formalaşdırmaqdır.
Tədris proqramı çərçivəsində tələbələr turizmdə dayanıqlılıq anlayışının inkişafı, iqlim dəyişikliyinin turizmə təsirləri, dayanıqlı turizm məhsullarının formaları və ölçüləri, eləcə də dayanıqlı inkişafı dəstəkləyən siyasət və mexanizmlərlə tanış olurlar. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrdə turizmin dayanıqlı inkişafı ilə bağlı çağırışlar və onların həlli yolları müzakirə olunur.
Fənnin sonunda tələbələrin dayanıqlılıq prinsiplərini izah etmək, turizmin müxtəlif təsirlərini müəyyənləşdirmək, onların səbəb və nəticələrini təhlil etmək, mənfi təsirlərin azaldılması yollarını əsaslandırmaq, həmçinin müxtəlif turizm məhsulları və istiqamətləri üçün dayanıqlı inkişaf mexanizmlərini qiymətləndirmək bacarıqlarına yiyələnməsi nəzərdə tutulur.
Bu kimi fənlərin beynəlxalq akademik təcrübə əsasında tədrisi ATMU-da turizm təhsilinin keyfiyyətinin artırılmasına, tələbələrin qlobal turizm sənayesində aktual olan dayanıqlılıq yanaşmaları ilə tanış olmasına və onların peşəkar bilik və bacarıqlarının inkişafına töhfə verir.
Azərbaycanca