ATMU-nun kafedra müdiri beynəlxalq forumda iştirak edib
21.10.2026
Menecment kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 147
ATMU-nun kafedra müdiri beynəlxalq forumda iştirak edib

ATMU-nun kafedra müdiri beynəlxalq forumda iştirak edib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Menecment” kafedrasının müdiri, dosent Camal Hacıyev Belarusiyada keçirilən II Beynəlxalq Çin-Belarus İdman və Fiziki Tərbiyənin İnkişafı Forumunda iştirak edib.

Forum çərçivəsində dosent Camal Hacıyev “Azərbaycanda beynəlxalq idman tədbirlərinin ölkənin turizm iqtisadiyyatına təsiri” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində beynəlxalq idman tədbirlərinin turizmin inkişafına və ölkə iqtisadiyyatına təsiri ilə bağlı elmi yanaşmalarını təqdim edib.

Səfər çərçivəsində Camal Hacıyev Belarus Dövlət İdman və Fiziki Tərbiyə Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Sergey Borisoviç Repkin və prorektoru, pedaqogika üzrə elmlər namizədi, dosent Tatyana Anatoliyevna Morozeviç-Şilyuk ilə işgüzar görüşlər keçirib. Görüşlərdə forumun əhəmiyyəti, universitetlərarası əməkdaşlıq imkanları və gələcək elmi əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Forumun proqramına uyğun olaraq, universitet rəhbərlərinin və əməkdaşlarının iştirakı ilə tələbələrlə diskussiya təşkil edilib. Diskussiyada Belarus Dövlət İdman və Fiziki Tərbiyə Universitetinin rektoru Sergey Repkin və Lingnan Normal Universitetinin rektoru Vanq Yau çıxış ediblər. Görüş zamanı ali təhsil müəssisələrinin təhsil və elmi fəaliyyət istiqamətləri, idmanın inkişafı və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfər zamanı dosent Camal Hacıyev universitetin Turizm və İdman Menecmenti İnstitutunun direktoru, dosent Valentina Nikalayevna Ananyeva və kafedra müdirlərinin iştirakı ilə keçirilən görüşdə də iştirak edib. Görüşdə universitetlər arasında əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı müzakirələr aparılıb.

Proqram çərçivəsində Belarusiyanın Milli Olimpiya Komitəsinə, universitetin müasir idman infrastrukturuna və beynəlxalq standartlara uyğun üzgüçülük hovuzuna tanışlıq səfərləri təşkil olunub. Həmçinin forumun qala-konserti, qala gecəsi və bağlanış mərasimi keçirilib.

Həmin gün forum iştirakçıları Belarusiyada Çin-Belarus birgə istehsalı olan “Belgee” avtomobil zavodunun fəaliyyəti ilə də tanış olublar.

Səfərin sonuncu günü, Camal Hacıyev Belarusiyanın yeni “Ekspo” mərkəzində təşkil olunan süni intellekt əsaslı sərgidə və “Kibersport” Assosiasiyasında olub. Bu səfərlər müasir texnologiyaların tətbiqi, innovasiyalar və idmanın yeni inkişaf istiqamətləri ilə tanışlıq baxımından əhəmiyyət daşıyıb.

Forumda iştirak və səfər çərçivəsində keçirilən görüşlər ATMU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi, elmi əməkdaşlığın inkişafı və idman turizmi sahəsində təcrübə mübadiləsinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.