Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə həyata keçirilən “Qızların Təhsilinə Dəstək” layihəsinin beş illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri – Elmi məsələlər üzrə prorektor prorektor, professor İranə Əliyeva, Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva, müəllimlər Şəlalə Yusifova, Gülər Hüseynova və Günel Nəsirova da yubiley tədbirində iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra layihənin beş il ərzində keçdiyi inkişaf yolunu, əldə olunan nailiyyətləri və qızların təhsil imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri əks etdirən qısametrajlı film nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qızlar məktəbinin 125 illiyinin və “Qızların Təhsilinə Dəstək” layihəsinin beş illiyinin mühüm tarixi və ictimai əhəmiyyət daşıdığını bildirib.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qızların təhsilinə dəstəyin əhəmiyyətini vurğulayaraq bu sahəyə yatırılan investisiyaların yalnız fərdlərin deyil, bütövlükdə cəmiyyətin inkişafına xidmət etdiyini qeyd edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli layihənin qızların təhsil imkanlarının genişləndirilməsi, onların potensialının üzə çıxarılması və təhsildə bərabər imkanların təmin olunmasındakı roluna diqqət çəkib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev layihəyə qoşulmağın hər il onlarla tələbəyə təhsil dəstəyi göstərmək baxımından mühüm imkan yaratdığını vurğulayıb.
Daha sonra Beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub, Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramının iştirakçıları Bakı Dövlət Universitetinin tələbəsi Nuray Şirinli və Azərbaycan Dillər Universitetinin tələbəsi Çinarə Məmmədova layihənin onların həyatına və şəxsi inkişafına təsirindən bəhs ediblər.
Yubiley tədbiri bədii hissə ilə yekunlaşıb.
Azərbaycanca