Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan-Avstriya Turizm Proqramının (AATP) 2024-cü il qəbul qrupunun tələbələri üçün “Sustainability in Tourism” (“Turizmdə dayanıqlılıq”) fənninin tədrisi yekunlaşıb.
Fənn İtaliyanın Berqamo Universitetinin dosenti, fəlsəfə doktoru (Ph.D.) Giancarlo Fedeli tərəfindən tədris olunub.
Tədris proqramı çərçivəsində tələbələrdə turizm və qonaqpərvərlik sənayesində dayanıqlılıq prinsipləri, turizmin iqtisadi, sosial və ekoloji təsirləri, eləcə də bu təsirlərin azaldılması yolları haqqında nəzəri və praktiki biliklər formalaşdırılıb. Tələbələr turizmdə dayanıqlılıq anlayışının inkişafı, iqlim dəyişikliyinin sektora təsirləri, dayanıqlı turizm məhsullarının formaları, eləcə də dayanıqlı inkişafı dəstəkləyən siyasət və mexanizmlərlə tanış olublar.
Dərslərin sonunda tələbələr dayanıqlılıq prinsiplərini izah etmək, turizmin müxtəlif təsirlərini təhlil etmək, həmçinin müxtəlif turizm məhsulları və istiqamətləri üçün dayanıqlı inkişaf mexanizmlərini qiymətləndirmək bacarıqlarına yiyələniblər.
Bu kimi fənlərin beynəlxalq akademik təcrübə əsasında tədrisi ATMU-da təhsilin keyfiyyətinin artırılmasına, tələbələrin qlobal turizm sənayesində aktual olan dayanıqlılıq yanaşmalarını mənimsəmələrinə və peşəkar bacarıqlarının inkişafına mühüm töhfə verir.
Azərbaycanca