ATMU və Dövlət Məşğulluq Agentliyi arasında görüş keçirilib
28.10.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 937
ATMU və Dövlət Məşğulluq Agentliyi arasında görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ali təhsil müəssisələri ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsi, tələbələrin əmək bazarına hazırlıq səviyyəsinin qiymətləndirilməsi və universitetlərdə karyera xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə ATMU-nun rektoru İlham Mədətov, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, İnsan resursları şöbəsinin müdiri Ayan Abbasova, Karyera və Məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyeva, eləcə də Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva iştirak ediblər.

Dövlət Məşğulluq Agentliyini isə sədr müavini Eşqin Bayramov, Mərkəzi Karyera filialının müdiri Nahid Nəsirov, Mentorluq və inkişaf şöbəsinin müdiri Vahid Şirinov, Xidmət İnkişafı şöbəsinin müdiri Nicat Həmidov və Layihələrin təşkili şöbəsinin baş mütəxəssisi Ülviyyə Rüstəmli təmsil ediblər.

Görüş zamanı Dövlət Məşğuııuq Agentliyinin iki əsas - “Kadr indeksi” və “Karyera mərkəzlərinin diaqnostikası və sertifikasiyası” layihələri ətraflı müzakirə olunub. “Kadr indeksi” layihəsi tələbələrin əmək bazarına hazırlıq səviyyəsinin ölçülməsinə və onların səriştələrinin qiymətləndirilməsinə yönəlib. Layihə tələbələrin əmək bazarının tələblərinə uyğun inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, səriştələr arasında balansın qiymətləndirilməsi və peşəkar inkişaf istiqamətlərinin müəyyən olunması baxımından əhəmiyyət daşıyır.

“Karyera mərkəzlərinin diaqnostikası və sertifikasiyası” layihəsi isə ali təhsil müəssisələrinin karyera mərkəzlərinin fəaliyyətinin vahid meyarlar əsasında qiymətləndirilməsini, inkişaf potensialının müəyyənləşdirilməsini və xidmət keyfiyyətinin yüksəldilməsini nəzərdə tutur. Qiymətləndirmənin nəticələrinə əsasən inkişaf tövsiyələrinin və dəstək mexanizmlərinin təqdim edilməsi, müvafiq tələblərə cavab verən mərkəzlərin sertifikatlaşdırılması nəzərdə tutulur.

Görüşün yekununda layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub və tərəflər müvafiq istiqamətlər üzrə birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, bu təşəbbüslər tələbə və məzunların karyera inkişafının dəstəklənməsi, universitetlərdə karyera xidmətlərinin sistemli şəkildə təkmilləşdirilməsi və insan kapitalının inkişafına töhfə verilməsi baxımından əhəmiyyətlidir.