ATMU tələbələri hotellərdə təcrübi dərsdə olublar
29.10.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 826
ATMU tələbələri hotellərdə təcrübi dərsdə olublar

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) "Mehmanxana və restoran işi" kafedrasının təşkilatçılığı ilə tələbələr üçün hotellərə təcrübi səfər təşkil olunub.

Kafedra müdiri, s.ü.f.d., dosent Tərlan Növrəslinin təşəbbüsü ilə həyata keçirilən səfərdə "Turizm işinin təşkili" ixtisasının TİT2403 və TİT2404 qrup tələbələri iştirak ediblər. Təcrübi dərs zamanı "Qonaqpərvərlik sahəsinin idarə edilməsi" fənninin müəllimi Günay Paşazadə tələbələri müşayiət edib.

Görüş çərçivəsində tələbələrə 3 butik hotel — "The Merchant Baku", "Boutique 19 Hotel" və "Art Gallery Hotel" haqqında geniş məlumat verilib.

Görüşdə hotellərin rəhbər və peşəkar heyəti - İnsan resursları üzrə klaster direktoru (Cluster Director of HR) Süleyman Şahəldiyev, Qeydiyyat şöbəsinin menecer müavini (Assistant Front Office Manager) Cəfər Cəfərov, İnsan resursları üzrə klaster mütəxəssisi (Cluster HR Specialist) Sabir Əsədov və Qonaqlara xidmət agenti (Guest Service Agent) Ayxan Məmmədli öz sahələri üzrə praktiki təcrübələrini bölüşüblər. Onlar tələbələrə hotellərin idarəçiliyinin praktiki aspektləri, operativ iş prinsipi və müasir qonaqpərvərlik standartları barədə ətraflı məlumat verərək tələbələrin suallarını cavablandırıblar.

Qeyd edək ki, bu cür təcrübi dərslər tələbələrin nəzəri biliklərini real iş mühitində görmələri və gələcək peşə fəaliyyətləri üçün zəruri bilik və bacarıqlar qazanmaları baxımından mühüm əhəmiyyət daşıyır.