31 oktyabr 2026-cı il tarixində Qəbələ Konqres Mərkəzində Qəbələ Qastronomiya Sammiti keçirilib. Qastronomiya turizminin inkişafı, yerli məhsulların təşviqi, milli kulinariya kimliyinin qorunması və Azərbaycanın beynəlxalq turizm məkanında tanıdılması məqsədi daşıyan sammitdə dövlət qurumlarının, turizm və qonaqpərvərlik sektorunun, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri də sammitdə iştirak edərək tədbir çərçivəsində keçirilən müzakirələri və panel sessiyalarını izləyiblər. Samitdə ATMU-nu Mehmanxana və restoran işi kafedrasının dosenti Çingiz Əliyev, Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva və Karyera və məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyeva təmsil ediblər. Onların tədbirdə iştirakı turizm və qonaqpərvərlik sahəsində yeni yanaşmaların öyrənilməsi, peşəkar əlaqələrin genişləndirilməsi və sektorla əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyıb.
Sammitin açılışında Qəbələ Hospitality Group-un sədri və Qəbələ Qastronomiya Turizminin İnkişafı Təşəbbüsünün strateji rəhbəri Şəbnəm Fərman, Azərbaycan Turizm Bürosunun baş direktorunun müavini Rəşad Əliyev, eləcə də digər rəsmi şəxslər çıxış ediblər. Beynəlxalq məruzə ilə çıxış edən Escoffier Europe-un vitse-prezidenti Lionel Strub qastronomiya turizminin beynəlxalq təcrübəsi və inkişaf perspektivlərinə toxunub.
Proqram çərçivəsində “Kulinariya kimliyi və turizm məkanının inkişafı”, “Yerli məhsuldan restoran süfrəsinədək” və “Qəbələnin qastronomiyasının beynəlxalq auditoriyaya tanıdılması” mövzularında panel müzakirələri keçirilib.
Sammitdə Qəbələ Qastronomiya Bəyannaməsi təqdim olunub, Qəbələ Kulinariya Kolleksiyasının təqdimatı və dequstasiyası təşkil edilib. Tədbir Qəbələ Kulinariya Kolleksiyasının elan edilməsi ilə yekunlaşıb.
Azərbaycanca