Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində istehsalat təcrübəsi üzrə hesabatların təqdimatı keçirilib
03.11.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 320
Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində istehsalat təcrübəsi üzrə hesabatların təqdimatı keçirilib

Azərbaycan-Avstriya Turizm Proqramının (AATP) 2024-cü il bakalavr qrupu tələbələri istehsalat təcrübəsi çərçivəsində əldə etdikləri peşəkar bilik və bacarıqları əks etdirən hesabatlarla çıxış ediblər.

Proqram çərçivəsində təhsil alan tələbələr turizm və qonaqpərvərlik sənayesinin müxtəlif istiqamətləri üzrə həm Azərbaycanda, həm də xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu dövlət qurumlarında və beynəlxalq hotel şəbəkələrində istehsalat təcrübəsi keçərək nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmək imkanı əldə ediblər.

Tələbələrin təcrübə keçdiyi müəssisələr sırasında Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, eləcə də Marriott International hotel qrupuna daxil olan The Ritz-Carlton Baku və JW Marriott Absheron Baku kimi nüfuzlu hotel brendləri yer alıb. Bununla yanaşı, tələbələr Türkiyənin müxtəlif tanınmış hotel şəbəkələrində də peşəkar təcrübə qazanıblar.

İstehsalat təcrübəsinin yekunu olaraq tələbələr Karyera və Məzunlarla İş şöbəsinin və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarının qarşısında hesabat təqdimatları ilə çıxış ediblər. Təqdimatlar zamanı tələbələr təcrübə müddətində iştirak etdikləri iş prosesləri, yerinə yetirdikləri vəzifələr, əldə etdikləri praktiki bilik və bacarıqlar, eləcə də peşəkar inkişafları barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, Azərbaycan-Avstriya Turizm Proqramı tələbələrə beynəlxalq təhsil mühiti ilə yanaşı, yerli və beynəlxalq turizm sənayesində praktiki təcrübə əldə etmək, peşəkar əlaqələr qurmaq və gələcək karyeraları üçün zəruri kompetensiyalar formalaşdırmaq imkanı yaradır.