ATMU-da turizm bələdçiliyi üzrə ustad dərsi keçirilib
03.11.2026
Turizm işi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 356
ATMU-da turizm bələdçiliyi üzrə ustad dərsi keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin Turizm işi kafedrasında “Bələdçiliyin əsasları” fənni çərçivəsində ustad dərsi təşkil olunub.

Ustad dərsini Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Tural Musayev tədris edib. Tədbirdə Turizm işi kafedrasının müdiri Hafiz Hüseynov və Turizm bələdçiliyi ixtisası üzrə təhsil alan TB 2601 qrupunun tələbələri iştirak ediblər.

Dərsin əsas məqsədi tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirmək, turizm bələdçiliyi sahəsində müasir peşəkar yanaşmalarla tanış etmək və onların gələcək fəaliyyətə hazırlığını gücləndirmək olub.

Turizm bələdçiliyi yalnız turist qruplarının müşayiət edilməsi və marşrut üzrə istiqamətləndirilməsi ilə məhdudlaşmayan, geniş bilik bazası, kommunikasiya bacarıqları, mədəniyyətlərarası ünsiyyət kompetensiyaları, tarixi-mədəni irsin dərindən mənimsənilməsi və yüksək peşə etikası tələb edən çoxşaxəli fəaliyyət sahəsidir. Bu baxımdan, müasir turizm bələdçisi eyni zamanda ölkənin mədəni irsinin təbliğatçısı, milli dəyərlərin təqdimatçısı, turizm destinasiyasının imicinin formalaşdırılmasında iştirak edən mühüm kommunikasiya vasitəçisi kimi olduğu qeyd edilib.

Ustad dərsi zamanı turizm bələdçisinin peşəkar fəaliyyəti, kommunikasiya bacarıqları, mədəniyyətlərarası ünsiyyət və tarixi-mədəni irsin təqdimatında bələdçinin rolu barədə məlumat verilib. İnteraktiv metodlardan istifadə olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.

ATMU-da bu formatda keçirilən ustad dərsləri akademik biliklərin praktiki təcrübə ilə əlaqələndirilməsinə, tələbələrin peşəkar dünyagörüşünün genişləndirilməsinə və universitetlə turizm sənayesi arasında əməkdaşlığın inkişafına xidmət edir.