Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gənclərin Respublika Bədii Yaradıcılıq Evi Publik Hüquqi Şəxsin və universitetin Biznes və menecment fakültəsinin (məktəbi) Tədbirlər Planına uyğun olaraq, 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizədən, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən, Azərbaycan Ordusunun qəhrəmanlığından və xalqımızın birlik və həmrəyliyindən bəhs edilib.
ATMU-nun rektoru İlham Mədətov Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, tədbirdə iştirak edən qazilərimizin fədakarlığını yüksək qiymətləndirib. O, həmçinin vurğulayıb ki, ali təhsil müəssisələrinin üzərinə düşən əsas vəzifələrdən biri də milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənclər yetişdirməkdir.
Biznes və menecment fakültəsinin (məktəbi) dekanı Vüqar Nəzərov Zəfər Gününün Azərbaycan tarixindəki əhəmiyyətini vurğulayaraq bu möhtəşəm Qələbənin gələcək nəsillər üçün qürur və vətənpərvərlik nümunəsi olduğunu qeyd edib. Dekan əlavə edib ki, bu zəfər gənclərimizin təhsilə və ölkəmizin inkişafına olan həvəsini daha da artırır.
Tədbirdə rektor müşaviri Fərid Cabbarlı universitetin şəhid məzunu Məhəmmədəli Həsənzadə adına təsis edilmiş Adlı Təqaüdə layiq görülən tələbələri təqdim edib və təqaüd alanlara rektor tərəfindən təltifnamələr təqdim olunub. Fərid Cabbarlı bildirib ki, şəhidlərimizin adını yaşatmaq və onların irsini tələbələrə ötürmək hər birimizin mənəvi borcudur.
Qeyd edək ki, tədbirdə ATMU-nun şəhid məzunu Məhəmmədəli Həsənzadənin atası Hörmət Həsənov, eləcə də universitetin Vətən Müharibəsində iştirak edən məzunları Anar Mahmudov və Nicat Əlizadə də qonaq qismində iştirak ediblər. Vətən müharibəsi iştirakçısı olan məzunlara xatirə hədiyyələri təqdim olunub.
Sonda tədbir konsert proqramı ilə yekunlaşıb, əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.
Azərbaycanca