ATMU-nun dosenti Əzizə Məmmədovanın yubileyidir
11.11.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 172
ATMU-nun dosenti Əzizə Məmmədovanın yubileyidir

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Dillər” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizə Qurban qızı Məmmədovanın 65 yaşı tamam olur.

Əzizə Məmmədova 1982-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Müxtəlif illərdə ölkənin bir sıra nüfuzlu ali təhsil müəssisələrində ingilis dilinin tədrisi ilə məşğul olub. 2008-ci ildə dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2013-cü ildə isə dosent elmi adını alıb. 2021-ci ildən ATMU-nun “Dillər” kafedrasına rəhbərlik edir.

Uzun illər ərzində elmi-pedaqoji fəaliyyətlə yanaşı, beynəlxalq əməkdaşlıq və təhsil layihələrində də fəal iştirak edən Əzizə Məmmədova TESOL International Association beynəlxalq cəmiyyətinin üzvüdür. V çağırış TEMPUS layihəsində İşgüzar ingilis dili işçi qrupunun üzvü olub, turizm sahəsində dil və terminologiya məsələlərinə dair elmi araşdırmalar aparıb.

O, turizm sahəsi üçün ingiliscə-azərbaycanca lüğətin həmmüəllifi, bir sıra dərs və metodik vəsaitlərin, o cümlədən “Turizm sahəsi üçün işgüzar ingilis dili” metodik vəsaitinin, 9 tədris proqramının və 30-dan çox elmi məqalənin müəllifidir. Həmçinin elmi nəşrlərin redaktoru, filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyalarının rəyçisi və opponentidir. 2021və 2026-cı illərdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin fəxri fərmanlarına layiq görülüb.

Yubiley münasibətilə ATMU-nun rektoru İlham Mədətov Əzizə Məmmədovanı təbrik edərək, ona uzun illər ərzində göstərdiyi səmərəli pedaqoji fəaliyyətinə, universitetin tədris və elmi həyatına verdiyi töhfələrə görə təşəkkürünü bildirib. Rektor yubilyara möhkəm cansağlığı, ailə səadəti, elmi-pedaqoji fəaliyyətində yeni uğurlar və gələcək fəaliyyətində nailiyyətlər arzulayıb.

ATMU kollektivi adından Əzizə Məmmədovanı 65 illik yubileyi münasibətilə təbrik edir, ona sağlamlıq, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayırıq!