Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dosenti Aynur Bağırlı Orhun Akademik Mübadilə Proqramı çərçivəsində Özbəkistanın Səmərqənd şəhərində akademik səfərdə olub.
Səfər zamanı dosent Səmərqənd Dövlət Universitetinin tələbələri üçün “Sosial iş texnologiyaları: Case Management (Keys menecment)” və “Sosial təhlükəsizlik” mövzularında mühazirələr keçib. Mühazirələrdə Azərbaycan və Özbəkistanın sosial iş və sosial müdafiə sahəsindəki təcrübələri müqayisəli şəkildə təhlil olunub, mövcud yanaşmalar və inkişaf perspektivləri müzakirə edilib.
Səmərqənd Dövlət Universitetinin müraciəti əsasında Aynur Bağırlı, həmçinin tələbələr üçün “Tələbələrin sərbəst işlərinin hazırlanması və yazılması: Azərbaycan təcrübəsi və beynəlxalq akademik yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə hər iki ölkənin ali təhsil müəssisələrində müstəqil işlərin təşkili, akademik yazı qaydaları və qiymətləndirmə təcrübələri diqqətə çatdırılıb.
Akademik səfər çərçivəsində dosent universitetin elmi və maarifləndirici tədbirlərində də iştirak edib. Eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı, ali təhsil sistemi və ATMU-nun beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimatlar edərək ölkəmizin və universitetimizin beynəlxalq akademik mühitdə tanıdılmasına töhfə verib.
Azərbaycanca