ATMU-nun dosenti ORHUN layihəsi çərçivəsində Özbəkistana səfər edib
12.11.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 190
ATMU-nun dosenti ORHUN layihəsi çərçivəsində Özbəkistana səfər edib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran işi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Firuzə Raşova ORHUN layihəsi çərçivəsində Özbəkistanın Kokand Universitetində akademik mobillik proqramında iştirak edib.

Səfər çərçivəsində Firuzə Raşova əvvəlcə tələbələrin Azərbaycan haqqında bilik və təsəvvürlərini öyrənib. Daha sonra təqdimat və videoçarx vasitəsilə ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və milli dəyərləri barədə ətraflı məlumat verib. Bununla yanaşı, “Dünyada və Azərbaycanda hotellərin növləri və tipləri” və “Hotel və restoran biznesində innovasiyalar” mövzularında mühazirələr təqdim edib.

Akademik mobillik proqramı çərçivəsində keçirilən təlim və müzakirələrdə Azərbaycan mədəniyyəti, turizm potensialı, xidmət sektoru və ölkəmizdə hotel biznesinin mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb. Turizm və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə hotel təsnifatı, turizm biznesində hotellərin rolu, eləcə də Azərbaycan və Özbəkistanda hotel biznesinin dayanıqlı inkişaf perspektivləri müzakirə olunub.

İnteraktiv tədris metodlarından istifadə edilən mühazirələrdə tələbələr qrup işlərinə və situasiya təhlillərinə cəlb olunublar. Həmçinin süni intellekt və robot texnologiyalarının qonaqpərvərlik sənayesinə təsiri, yaratdığı imkanlar, üstünlüklər və potensial çağırışlar barədə müzakirələr aparılıb.

Akademik mobillik proqramının sonunda Firuzə Raşova Kokand Universiteti tərəfindən iştirakına və tədris fəaliyyətinə görə sertifikatla təltif olunub.