ATMU-nun baş müəllimi Səmərqənd Dövlət Universitetində mühazirələr oxuyub
13.11.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 762
ATMU-nun baş müəllimi Səmərqənd Dövlət Universitetində mühazirələr oxuyub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Ülkər Sadıqova ORHUN mübadilə proqramı çərçivəsində Özbəkistanın Şərif Rəşidov adına Səmərqənd Dövlət Universitetində akademik səfərdə olub.

Səfər çərçivəsində Ülkər Sadıqova universitetin İnsan Resurslarının İdarə Edilməsi və İcma İnkişafı İnstitutunun bakalavriat səviyyəsində təhsil alan tələbələrinə mühazirələr oxuyub. Üç moduldan ibarət tədris proqramı “Müasir menecment: strateji idarəetmə, liderlik və multikultural mühitdə təşkilati effektivlik” mövzusunu əhatə edib. Bundan əlavə, o, müəllifi olduğu “Menecment” dərs vəsaitini Səmərqənd Dövlət Universitetinə hədiyyə edib. Bu təşəbbüs universitetlər arasında tədris resurslarının və akademik təcrübənin paylaşılması baxımından əhəmiyyət daşıyır.

Səfər zamanı Səmərqənd Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Axatov Akmal Rustamoviç, İnsan Resursları və Menecment fakültəsinin dekanı Şöhrux Davronoviç Djurakulov və İnsan Resurslarının İdarə Edilməsi kafedrasının müdiri, professor Arabov Nuralı Uraloviç ilə görüşlər keçirilib. Müzakirələrdə ali məktəblər arasında əməkdaşlığın genişləndirilməsi, müəllim-tələbə mobilliyi və birgə beynəlxalq elmi konfransların təşkili məsələləri nəzərdən keçirilib.

Proqramın sonuncu günündə ATMU-nun dosenti Aynur Bağırlı ilə birgə tələbə və müəllimlər üçün müasir təhsil yanaşmaları və peşəkar inkişaf mövzularında interaktiv təlim keçirilib. Səfərin yekununda Ülkər Sadıqovaya universitetlərarası əməkdaşlığa və tədris prosesinə verdiyi töhfələrə görə Şərif Rəşidov adına Səmərqənd Dövlət Universiteti tərəfindən rəsmi sertifikat təqdim olunub.