ATMU tələbələri UNEC-in Mərkəzi Laboratoriyasında təcrübə keçiblər
17.11.2026
Mehmanxana və restoran biznesi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 144
ATMU tələbələri UNEC-in Mərkəzi Laboratoriyasında təcrübə keçiblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) QM 2301 qrupunun tələbələri qida sahəsi üzrə nəzəri biliklərini praktiki şəkildə möhkəmləndirmək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mərkəzi Laboratoriyasına ekskursiya ediblər.

Ekskursiya ATMU-nun “Mehmanxana və restoran işi” (MRİ) kafedrasının müdiri, s.ü.f.d., dos. Tərlan Növrəslinin təşəbbüsü və kafedranın müəllimləri - a.e.ü.f.d., dosent Çingiz Əliyev və Səkinə Cəfərlinin, eləcə də UNEC-in “Qida mühəndisliyi” kafedrasının sektor müdiri, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Mehriban Məhərrəmovanın, “Qida mühəndisliyi” kafedrasının dosenti Azər Hüseynovun və UNEC-in Laboratoriyaların İşinin Təşkili Mərkəzinin direktoru, dosent Ramil Sadıqovun iştirakı ilə təşkil olunub.

Səfər çərçivəsində tələbələr Qida kimyası, Qida texnologiyası, Əziz Sancar adına Qida təhlükəsizliyi və Ekologiya laboratoriyaları ilə tanış olub, burada quraşdırılmış müasir avadanlıqlar və aparılan elmi tədqiqatlar barədə ətraflı məlumat alıblar.

Tələbələrə qida məhsullarının kimyəvi tərkibi və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, istehsal texnologiyaları, qida təhlükəsizliyinin qiymətləndirilməsi, mikrobioloji analizlər və ekoloji göstəricilərin təhlili istiqamətində görülən laboratoriya işləri əyani şəkildə nümayiş etdirilib.

Bu ekskursiya tələbələrin nəzəri biliklərini praktiki fəaliyyətlə əlaqələndirmələri, müasir laboratoriya avadanlıqları ilə iş prinsiplərini öyrənmələri və qida məhsullarının keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi sahəsində peşəkar bacarıqlarını artırmaları baxımından mühüm əhəmiyyət kəsb edib.