ATMU-nun əməkdaşı Gürcüstanda beynəlxalq konfransda çıxış edib
18.11.2026
Turizm işi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 90
ATMU-nun əməkdaşı Gürcüstanda beynəlxalq konfransda çıxış edib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Çinarə İmamverdiyeva Gürcüstan Milli Universitetinin (Georgian National University SEU) təşkilatçılığı ilə keçirilən “Dağ Araşdırmalarında Yeni Paradigma: Çağırışlar və İmkanlar” (“A New Paradigm for Mountain Studies: Challenges and Opportunities”) adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Tədbirdə “Azərbaycanın Böyük Qafqaz regionunda davamlı turizmin inkişafı: İmkanlar və Çağırışlar” (“Sustainable Tourism Development in Azerbaijan’s Greater Caucasus: Opportunities and Challenges”) mövzusunda elmi məruzə ilə çıxış edən Ç.İmamverdiyeva ölkəmizin dağlıq ərazilərində turizmin inkişaf perspektivləri və mövcud potensialını beynəlxalq akademik auditoriyaya təqdim edib.

Gürcüstanla həmsərhəd olan Şəki-Zaqatala iqtisadi rayonunun nümunəsində aparılan tədqiqatda regionun dağ, kənd və qastronomik turizm imkanları, eləcə də tarixi-mədəni irsin qorunması məsələləri təhlil olunub. Məruzəçi çıxışında davamlı turizmin iqtisadi səmərəlilik, ekoloji məsuliyyət və sosial rifah prinsipləri əsasında təşkilinin, infrastrukturun təkmilləşdirilməsinin və yerli icmaların bu prosesə fəal cəlb edilməsinin vacibliyini xüsusi vurğulayıb.

Konfrans elmi təcrübə mübadiləsi və dağlıq ərazilərdə davamlı turizmin inkişafı istiqamətində beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.