Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan ATMU-nun rektoru İlham Mədətov gündəlikdə yer alan məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda ilk olaraq Təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı payız semestri üzrə aralıq qiymətləndirmənin təşkili, keçirilməsi və nəticələrinin təhlili barədə məlumat verib.
Daha sonra ATMU-nun Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı QS və digər beynəlxalq reytinqlərdə universitetin təmsil olunması, mövqeyinin yaxşılaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə çıxış edib.
Elmi tədqiqatlar və akademik təhsil mərkəzinin rəhbəri Nəsirulla Nəsirli elmi-tədqiqat işlərinin mövzuları, planları və icra vəziyyəti haqqında məlumat təqdim edib. Həmçinin fəlsəfə doktoru proqramı üzrə dissertasiya mövzuları müzakirə olunaraq təsdiq məsələlərinə baxılıb.
İclasda mövcud təhsil proqramlarının, fənn proqramlarının və sillabusların müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlər barədə fakültə dekanlarının və kafedra müdirlərinin məlumatları dinlənilib. Tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsil proqramlarının yenilənməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Cari məsələlər çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tövsiyəsi əsasında tədris planlarının müəyyən hissəsinin yenilənməsi, ATMU-da müraciətlərin idarə edilməsi prosedurunun və səmərəliliyin qiymətləndirilməsi qaydalarının təsdiqi məsələləri, həmçinin fənn əvəzlənməsi qaydaları müzakirə olunub.
Bundan əlavə, iclasda çap işləri ilə bağlı məsələlərə baxılıb.
İclasın sonunda gündəlikdə yer alan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Rektor İlham Mədətov müzakirə olunan məsələlərin əhəmiyyətini vurğulayaraq aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Azərbaycanca