AATP tələbələrinə “Transportation” fənni tədris olunur
25.11.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 105
AATP tələbələrinə “Transportation” fənni tədris olunur

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında həyata keçirilən Avstriya-Azərbaycan Turizm Proqramı (AATP) çərçivəsində “AATP 2025” bakalavr qrupu üçün “Transportation” (Nəqliyyat) fənninin tədrisinə başlanılıb.

Fənn Avstriyanın Salzburg Tətbiqi Elmlər Universitetinin (FH Salzburg) Biznes və Turizm departamentinin əməkdaşı, Biznesin İdarə Edilməsi üzrə magistratura proqramının rəhbəri Prof. Dr. Markus Lassnig tərəfindən tədris olunur.

Tədris müddətində tələbələr turizm və nəqliyyat sektorları arasındakı qarşılıqlı əlaqələri, turizm nəqliyyatının əsas xüsusiyyətləri ilə təsnifatını, tələb-təklif mexanizmlərini, eləcə də sahənin iqtisadi və idarəetmə prinsiplərini öyrənirlər.

Proqramda beynəlxalq aviasiya, dəmir yolu nəqliyyatı və kruiz sənayesinə xüsusi yer ayrılır. Tələbələr bu nəqliyyat növlərinin iş prinsipləri, biznes prosedurları, əməliyyat mexanizmləri, idarəetmə strategiyaları və beynəlxalq nəqliyyat sazişləri ilə tanış olurlar. Eyni zamanda, sektorda yaranan əməliyyat problemlərinin təhlili, həlli yollarının müəyyənləşdirilməsi və turizm məhsullarının planlaşdırılması üzrə praktiki bilik və bacarıqlar əldə edirlər.

Fənnin əsas məqsədi tələbələrdə turizm nəqliyyatının iqtisadi və əməliyyat aspektlərini təhlil etmək, nəqliyyat növlərinin səmərəliliyini qiymətləndirmək, eləcə də nəqliyyat xidmətlərinin idarə olunmasında qərarvermə və problem həlli bacarıqlarını inkişaf etdirməkdir.