ATMU-nun əməkdaşları Səmərqənddə beynəlxalq konfransda çıxış ediblər
25.11.2026
Turizm işi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 29
ATMU-nun əməkdaşları Səmərqənddə beynəlxalq konfransda çıxış ediblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunmuş “Mədəni irs və turizm perspektivləri: Süni intellekt, kreativ şəhərlər və davamlı inkişaf” (Cultural Heritage and Tourism Prospects: Artificial Intelligence, Creative Cities and Sustainable Development) mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.

“İpək yolu” Turizm və Mədəni İrs Beynəlxalq Universitetinin təşkilatçılığı ilə baş tutan tədbirdə ATMU-nu Turizm işi kafedrasının müdiri, dosent Hafiz Hüseynov və Elmi Tədqiqatlar və Akademik Təhsil Mərkəzinin Magistratura və doktorantura bölməsinin rəhbəri, müəllim Hacı Qasımlı təmsil ediblər.

Konfransın ilk günü keçirilən elmi sessiyalarında dosent Hafiz Hüseynov “Azərbaycanda turizmin inkişafında Böyük İpək Yolunun rolu” (The Role of the Great Silk Road in the Development of Tourism in Azerbaijan), Hacı Qasımlı isə “Davamlı turizmin inkişafında mədəni irsin rolu: innovativ yanaşmalar və beynəlxalq təcrübə” (The Role of Cultural Heritage in the Development of Sustainable Tourism: Innovative Approaches and International Experience) mövzularında məruzə ilə çıxış ediblər.

Tədbir çərçivəsində mədəni irsin qorunması və təbliği, Böyük İpək Yolunun turizm potensialı, davamlı turizm, sahədə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi, kreativ şəhərlərin formalaşması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Proqramın ikinci günündə konfrans iştirakçıları üçün Səmərqəndin tarixi-mədəni irs abidələrini əhatə edən tanışlıq turu təşkil olunub.

Qeyd edək ki, ATMU əməkdaşlarının bu nüfuzlu elmi platformada iştirakı universitetin elmi-tədqiqat potensialının beynəlxalq miqyasda tanıdılması, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.