Avstriyalı professor ATMU-da “Destination Consulting” fənnini tədris edir
25.11.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 28
Avstriyalı professor ATMU-da “Destination Consulting” fənnini tədris edir

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən Avstriya-Azərbaycan Turizm Proqramının (AATP) 2024-cü il tələbələri üçün “Destination Consulting” (Turizm Destinasiyalarının Konsaltinqi) fənni tədris olunur.

Fənnin tədrisi Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin Turizm və Marketinq İnstitutunun professoru Prof. (FH) Dr. Alice Wanner tərəfindən həyata keçirilir.

Dərs çərçivəsində tələbələr müasir turizm destinasiyalarının inkişafının əsas prinsipləri, destinasiyaların növləri və inkişaf modelləri, onların planlaşdırılması və idarə edilməsinin xüsusiyyətləri ilə tanış olurlar. Eyni zamanda, peşəkar və uğurlu turizm destinasiyasının formalaşdırılmasında mühüm rol oynayan amillər, strateji yanaşmalar və davamlı inkişaf mexanizmləri ətrafında müzakirələr aparılır. Fənnin əsas istiqamətlərindən biri turizm destinasiyaları üzrə master-planın hazırlanmasıdır. Bu çərçivədə tələbələr mövcud vəziyyətin təhlili, strategiya və konsepsiyanın hazırlanması, turizm məhsullarının inkişafı və satışı, təşkilati və struktur optimallaşdırılması, eləcə də destinasiyanın brend idarəçiliyi kimi mühüm məsələləri öyrənirlər.

Tədrisin əsas məqsədi tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da qazandırmaqdır. Fənni uğurla başa vuran tələbələr müasir turizm destinasiyalarının inkişaf prosesinin prinsiplərini izah etmək, turizm master-planının hazırlanma mərhələlərini təqdim etmək və master-planın ayrı-ayrı elementlərini müstəqil şəkildə hazırlamaq bacarıqlarına yiyələnəcəklər.

“Destination Consulting” fənni tələbələrin strateji düşünmə, analitik yanaşma və turizm destinasiyalarının peşəkar inkişafı üzrə praktiki kompetensiyalarının formalaşdırılmasına töhfə verir.