ATMU-da Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbir keçirilib
26.11.2026
Dillər Kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 60
ATMU-da Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Dillər kafedrasının təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə mövzuya dair videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan ATMU-nun rektoru İlham Mədətov Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən, türk xalqlarının ortaq dil və mədəni irsinin qorunmasında mühüm rolundan bəhs edib. Rektor qurultayın türk dünyasının elmi və mədəni inteqrasiyasına verdiyi töhfələri diqqətə çatdırıb. Bu kimi tədbirlərin gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və ortaq türk irsinin təbliği baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra Dillər kafedrasının müəllimləri, professor Ağaverdi Xəlilov “Birinci Türkoloji Qurultay və təhsil məsələləri”, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Mehriban Allahquliyeva isə “I Türkoloji Qurultay: türk xalqlarının ortaq dil və mədəni irsi” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə Birinci Türkoloji Qurultayın təhsilin inkişafına təsiri, türk xalqlarının dil və mədəni birliyinin möhkəmləndirilməsi, eləcə də ortaq irsin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti ön plana çəkilib.

Tədbirin bədii hissəsində tələbələrin ifasında türk dünyasının tanınmış söz ustaları Məmməd Araz, Bəxtiyar Vahabzadə, Əhməd Cavad, Sabir Rüstəmxanlı, Təranə Turan Rəhimli və Ziya Gökalpın şeirləri səsləndirilib.

Tədbirin sonunda rektor İlham Mədətov yekun nitqi ilə çıxış edib, iştirakçılara sertifikatlar təqdim olunub.