Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) təşəbbüsü ilə beş Xəzəryanı dövlətin - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın ali təhsil müəssisələrinin nümayəndələri arasında onlayn görüş keçirilib.
Xəzər regionunda akademik və elmi tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə təşkil olunan görüşdə 30-dan çox nümayəndə iştirak edib. Ölkəmizi ATMU ilə yanaşı, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri təmsil ediblər.
Görüşdə ATMU-nun Elmi məsələlər üzrə prorektoru, professor İranə Əliyeva, Elmi tədqiqatlar və akademik təhsil mərkəzinin nümayəndələri Novruz Quliyev, Həlilə Məmmədova və Şalələ Yusifova iştirak ediblər.
Görüşü giriş sözü ilə açan və tədbirin moderatoru qismində çıxış edən Novruz Quliyev region universitetlərinin elmi potensialının birləşdirilməsinin strateji əhəmiyyətini vurğulayıb.
Xəzəryanı Ölkələrin Universitetləri və Elmi-Tədqiqat Mərkəzləri Assosiasiyasının icraçı direktoru, professor Yuri Pimenov və Mərkəzi Asiya İnnovasiya Universitetinin prorektoru Janar Kazanbayeva çıxış edərək ATMU-nun təşəbbüsünü dəstəklədiklərini bildiriblər.
ATMU-nun Elmi məsələlər üzrə prorektoru İranə Əliyeva turizmin inkişafına, sərhədyanı turizm mübadiləsinin genişləndirilməsinə və ixtisaslı kadrların hazırlanmasına yönəlmiş “Yeni nəsil ekskursiya rəhbəri” adlı innovativ layihəni təqdim edib.
Görüş çərçivəsində turizm və qida sənayesi sahələrində aktual dissertasiya mövzularının müəyyənləşdirilməsi, birgə elmi rəhbərliyin təşkili, kollektiv monoqrafiyanın hazırlanması, eləcə də ikili diplom proqramları üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Sonda səsləndirilən təşəbbüslərin həyata keçirilməsi istiqamətində müvafiq addımların atılması və beynəlxalq kollektiv monoqrafiyanın konsepsiyasının hazırlanması barədə razılığa gəlinib.
Azərbaycanca