SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
08.04.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 995
ATMU-da “COVİD-19. Ölkəmizin turizm sahəsinə təsiri” mövzusunda beynəlxalq onlayn tədbir olub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Marketinq kafedrası və Türkiyə Respublikasının Atatürk Universitetinin təşkilatçılığı ilə ali təhsil müəssisəsində “COVİD-19. Ölkəmizin turizm sahəsinə təsiri” mövzusunda beynəlxalq onlayn tədbir keçirilib. Dəyirmi masada Azərbaycan, Türkiyə, Ukrayna və Moldovanın alim və mütəxəssisləri iştirak ediblər.

Atatürk Universitetinin professoru Kerem Karabulut məruzə-çıxışında COVİD-19 pandemiyasının Türkiyənin turizm sənayesinə təsiri və postpandemiya dövründə icrası zəruri sayılan tədbirlərdən söz açıb. Həmçinin dəyirmi masa iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Marketinq kafedrasının müdiri i.ü.f.d., dos. Elmira Qocayeva COVİD-19 pandemiyasının Azərbaycanın turizm sahəsinə təsirindən,o cümlədən həlli əhəmiyyətli bilinən məsələlərdən ətraflı bəhs edib. Şanlı Ordumuzun igid və şücaətli əsgər və zabitlərinin qanı və canı bahasına işğaldan azad edilən yurd yerlərimizin turizm potensialı, perspektivli turizm növlərinin yaradılma imkanları ATMU-nun kafedra müdiri E.Qocayevanın təqdimatında detallı əksini tapıb.

Beynəlxalq onlayn dəyirmi masanın gündəliyinə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, i.e.d., Fərhad Rəhmanov “Covid-19 pandemiyasının ölkə iqtisadiyyatının inkişafına mənfi təsiri, uyğun təsirlərin azalma mexanizmləri”,Bakı Mühəndislik Universitetinin (BMU) prorektoru Elçin Süleymanov “Pandemiyanın dünya turizm sənayesinə mənfi təsirinin minimallaşdırılması istiqamətində qabaqcıl ölkələr tərəfindən verilmiş statistik məlumatlar və ölkəmizin yararlana biləcəyi konkret göstəricilər”, Bakı Dövlət Universiteti İqtisadiyyat kafedrasının müəllimi, i.e.d., prof. Vahid Abbasov “COVİD-19 pandemiyasının sahibkarlıq fəaliyyətinə təsiri” barədə məruzələri daxil idi..

Adıçəkilən tədbirə Ukraynadan ( Ukrayna Milli Elmlər Akademiyasının dosenti Viktoriya Bliznyuk və Tatyana Perequdova) və Moldovadan (Milli İqtisadi Tədqiqatlar İnstitutunun dosenti Tatyana Kolesnikova, Tatyana Qutyum) qoşulan iştirakçı- qonaqlar öz ölkələrinin iqtisadiyyatına COVİD-19 pandemiyasının təsiri, dövlət tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən proqramlar barədə iştirakçıları məlumatlandırıblar.

Qeyd etmək lazımdır ki ” COVİD-19. Ölkəmizin turizm sahəsinə təsiri” mövzusuna həsr olunan beynəlxalq onlayn dəyirmi masa azərbaycan, türk və rus dillərində həyata keçirilib.