SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
09.04.2021
Faina Gachabayova
Bölmə: Xəbərlər
Baxış sayı: 85
ATMU-nun təşəbbüsü ilə yerli universitetlər arasında qabaqcıl təcrübələrin mübadiləsi istiqamətində müzakirələrə start verilib

Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığı genişləndirmək və qabaqcıl təcrübələrin mübadiləsi əsasında ali təhsildə innovasiyaları tətbiq etmək, keyfiyyət təminatı və institusional inkişafı təmin etmək məqsədilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə onlayn müzakirələrə başlayıb. Bu müstəvidə Azərbaycan Dövlət İqtisad Universiteti və “ADA” Universiteti ilə keçirilmiş seminarlar səmərəli şəkildə yekunlaşıb.

2021-ci ilin fevral-mart aylarında Azərbaycan Turizm və Menecment Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşları arasında “Keyfiyyət təminatı sisteminin fəaliyyəti”, “Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi”, “Elektron kitabxana sistemi”, “Təhsilin elektron idarə edilməsi sistemlərinin tətbiqi”, “Təhsilin beynəlmilləşməsi və reytinqlərdə iştirak” mözvularına həsr olunmuş onlayn görüşlər baş tutmuşdur. ATMU və UNEC rektorları İlham Mədətov və Ədalət Muradovun birgə razılığı ilə universitetlərin nümayəndələri ali təhsildə keyfiyyətin idarə edilməsi sahəsindəki təcrübələrini hərtərəfli öyrənmək imkanı əldə etmişdirlər.

31 mart 2021-ci il tarixində “Blackboard Collaborate” tətbiqi üzərindən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndəsinin də iştirakı ilə “ADA” Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları arasında təhsilin idarəedilməsi mövzusunda məlumatlandırma sessiyası aparılmışdır. İlk ali təhsil müəssisəsi ilə görüşlər zamanı müzakirə olunmuş mövzulara əlavə olaraq “ADA” Universitetinin nümayəndələri “ADA kampus mədəniyyətinin formalaşması və elementləri”, “Tədrisin ingilis dilində təşkili ilə bağlı təcrübə (qanunvericiliklə uzlaşma)” və “Fakültələrin idaəetmə sistemləri və idarəetmənin optimallaşması” sahələrində təcrübələrini və bu ali təhsil müəssisəsində aparılan islahatlar haqqında görüş iştirakçıları ilə ətraflı fikir mübadiləsi apardılar.

Qeyd olunmalıdır ki, Azərbaycan Turizm və Menecment Universiteti yerli universitetlər arasında qabaqcıl təcrübələrin mübadiləsi istiqamətində müzakirələrin ənənəyə çevrilməsini zəruri hesab edir və bu sahədə fəaliyyətləri davamlı olaraq dəstəkləyəcəyini bildirir.