SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
06.05.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 178
ATMU-da “Pandemiya dövründə keyfiyyətli tədrisin təşkili problemləri” mövzusunda onlayn beynəlxalq elmi-praktiki konfrans keçirildi

05 may 2021-ci il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Pandemiya dövründə keyfiyyətli tədrisin təşkili problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Tədbiri çıxış nitqi ilə açan Universitetin rektoru İlham Mədətov konfrans iştirakçılarını salamlayaraq tədbirin təşkilini müsbət qiymətləndirmiş, konfransda ölkəmizin və xarici dövlətlərin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, qlobal problemə çevrilmiş pandemiya dövründə ali təhsilin təşkilində keyfiyyətin təşkili təcrübəsi, təhsil və təlim bacarıqlarının dəyişən sənayenin tələblərinə uyğunlaşdırılması təhsildə yeni dəyişikliklərə yol açdı. Bu dəyişikliklər özü ilə birlikdə həm fürsətlər, həm də bir sıra məhdudiyyətlər gətirdi. O həmçinin qeyd etmişdir ki, günümüzün ən aktual problemi olan qlobal koronavirus pandemiyası dünyada mövcud olan bütün sahələrə ciddi təsir etdiyi kimi təhsil sənayesi üçün də arzu olunmaz problemlər yaratmışdır. Dünyanın bir çox ölkələrində qəbul edilmiş sərt karantin qaydaları səbəbindən təhsilin ali məktəblər daxilində tədrisi qeyri-mümkün olmuşdur. Yaranmış vəziyyətlə bağlı ali məktəblər məsafədən təhsilin tətbiqi yolunu seçərək, təhsilin davamlılığının təmin olunmasını prioritet vəzifə kimi həyata keçirməyə başlamışdır.

Həmçinin rektor İlham Mədətov vurğulamışdır ki, Azərbaycan Turizm və Menecment Universiteti qlobal pandemiya dövründə ali məktəb səviyyəsində tədrisin məsafədən geniş tətbiqinə karantin dövrünün ilk günlərindən başlamışdır. Heç şübhəsiz ki, koronavirus infeksiyası səbəbindən ölkəmizdə təlim və tədris prosesinin dayandırılması bütün ali təhsil müəssisələri kimi ATMU üçün də ənənəvi olmayan fəaliyyət mexanizminin tətbiqini zəruri etmişdir. Ali təhsil müəssisələrinin fəaliyyətlərinin əsasını tədris təşkil etdiyindən karantin müddətində əsas hədəf tədris prosesində davamlılığın təmin edilməsi olmuşdur.

Daha sonra plenar iclasda ATMU-nun Tədris işləri üzrə prorektoru prof. Zaur Bağırov “Pandemiya dövründə tədrisin distant şəkildə aparılmasının xüsusiyyətləri” mövzusunda çıxış etmişdir. O, pandemiyanın ənənəvi tədris sistemlərində köklü dəyişikliklər etdiyini və bu məqamda məsafəli tədrisin texnologiyanın təsiri nəticəsində geniş şaxələndiyini vurğulamışdır.

Növbəti olaraq, Rusiyanın Povoljsk Dövlət Texnologiya Universitetinin dosenti Svetlana Vasina “Rusiya Turizmi Pandemiya dövründə” mövzu ilə çıxış etmişdir.

Həmçinin plenar iclasda Taşkent Dövlət İqtisad Universiteti, fəlsəfə üzrə elmlər doktoru, professor Nazar Hakimov “Pandemiya şəraitində yüksək ixtisaslı kadrların hazırlanmasında ikinci ali təhsilin rolu” məruzəsi ilə çıxış etmişdir.

Konfrans “Pandemiya dövründə ali təhsilin keyfiyyətinin qiymətləndirilməsi: problemlər və yeni yanaşmalar” və “Turizm sənayesində kadr hazırlığı və iqtisadiyyatın turizm təhsilinə təsiri” adlı bölmələrdə işini davam etdirmişdir.